Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa uyğun olaraq Azərbaycanda cəza çəkən 4 nəfər - 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasında ittiham edilən Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcianı Ermənistana təhvil verilib.
APA-nın xəbərinə görə, məhkumlar Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.
Vaqif Xaçatryan 2023-cü il iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
O, həmin vaxt müalicə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istədiyini bildirmişdi.
O zaman Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandırmış, Qarabağ sakininin saxlanmasını “adam oğurluğu” adlandırmışdı.
Azərbaycan Baş Prokurorluğu isə Xaçatryanın Meşəli kəndində azərbaycanlıların kütləvi qətliamı ilə əlaqədar hələ 2013-cü ilin noyabrından Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışda olduğunu bəyan edib.
2023-cü ilin ilin noyabrında Bakı Hərbi Məhkəməsi onun barəsində 15 il həbs qərarı verib.
Xocalı rayonunun Meşəli kəndinə silahlı hücum 1991-ci il dekabrın 23-də səhər saatlarında baş verib. Baş Prokurorluğun məlumatında Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358-nin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.
Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcianı Ermənistana təhvil verilib