Bəylər Eyyubovun qardaşı oğlu da daxil olmaqla vəzifəli şəxslər həbs olunub

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri, iş adamı Ruslan Eyyubov saxlanılıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq çərçivəsində, həmçnin bir neçə dövlət qurumunun vəzifəli şəxsləri, liman rəhbərliyi, gömrük əməkdaşları və mülki şəxslər məsuliyyətə cəlb olunublar.
Baş Prokurorluğun məlumatına görə, onlar Birləşmiş Ərəb Əmirliklərindən və İrandan 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası olmayan tütün məmulatlarını gəmilər vasitəsilə, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Qaradağ–Ələt ərazisindəki qanunsuz körpü üzərindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər.
Bununla bağlı limanın rəhbəri, baş direktoru, liman və gömrük postunun rəisləri və inspektorları, gömrüyün əməliyyat əməkdaşı, gəmi kapitanları və heyət üzvləri, tütün məmulatlarını daşıyan və saxlayan şəxslər, həmçinin Dövlət Sərhəd Xidmətinin bəzi vəzifəli şəxsləri saxlanılıb.
Onlara qarşı külli miqdarda qaçaqmalçılıq, aksiz markasız malların satış məqsədilə saxlanması, vəzifə səlahiyyətlərindən sui-istifadə, mütəşəkkil dəstə halında cinayət törətmə ittihamları irəli sürülüb.
Bu istintaq çərçivəsində daha öncə saxlanılanlar arasında Limanın rəisi Rəşad Daşdəmirov və Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu, gömrük idarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov da var.
Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.
Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.