Azərbaycan hökuməti bu il xaricdəki 24 tənqidçiyə qarşı cinayət işi açıb

Azərbaycan hökuməti bu il ölkə xaricində yaşayan 24 tənqidçisinə qarşı cinayət işi açıb. 

Bu barədə “Azərbaycanda Repressiyaya Son Kampaniyası”nın noyabrın 26-da dərc etdiyi analizdə bildirilir. 

Hüquqşünas Səməd Rəhimlinin müəllifi olduğu analizdə qeyd olunur ki, Azərbaycan hökumətinin jurnalistlər, fəallar və hüquq müdafiəçilərinə qarşı apardığı repressiya artıq ölkə xaricində olanları da əhatə edir.

“Qiyabi məhkəmələr, həmçinin ictimai şəkildə çağırışlar, beynəlxalq həbs orderi ilə hədələmə və ekstradisiya kanallarının sui-istifadəsi mühacirətdə olan tənqidçilərə təzyiq göstərmək, onları qorxutmaq, hərəkət azadlıqlarını məhdudlaşdırmaq və səyahət zamanı risklərlə üzləşdirmək üçün istifadə olunur", - o bildirir. 

BMT-nin İnsan Haqları üzrə Ali Komissarına istinad edən hüquqşünas yazır ki, sərhədləri aşan repressiya xaricdə zorakılığı, ekstradisiya tələbləri vasitəsilə təzyiqi, rəqəmsal hücumları və ölkə daxilindəki qohumlara qarşı basqını əhatə edir. S.Rəhimli analizində göstərir ki, Azərbaycan bu taktikaların "hamısından müxtəlif səviyyələrdə istifadə edir.”

Analizdə xaricdəki tənqidçilərə qarşı çağırışlar iki dalğaya ayrılır: bu ilin mart-aprel aylarında 13 nəfəri və noyabr ayında 10 nəfəri hədəfə alan. Daha bir şəxs barəsində çağırış isə avqustda edilib. 

Hədəfə alınanlar, adətən, ilk öncə ictimai şəkildə Baş Prokurorluğa çağırılır və barələrində cinayət işi açıldığı xəbəri verilir. Daha sonra onların iştirakı olmadan məhkəmələr keçirilir və hökm oxunur. 

Onların arasında jurnalistlər Sevinc Osmanqızı və Qənimət Zahid, tarixçi Altay Göyüşov, blogerlər Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, siyasi şərhçi Ərəstun Oruclu və başqa tanınmış simalar da var. 

Bu şəxslər, əsasən, dövlətə qarşı açıq çağırışlar və ya zorakılığa çağırışda ittiham olunurlar. 

S.Rəhimli düşünür ki, mühacirətdə yaşayan bir çox tənqidçilər üçün bu proseslər həm yerləşdikləri ölkələrdə, həm də beynəlxalq səyahətlər zamanı real risklər yaradır.

"Ekstradisiya tələbləri rədd edilsə belə, siyasi motivli bildirişlərin mövcudluğu sorğu-sual, müvəqqəti saxlanma və ya hərəkət məhdudiyyəti ilə nəticələnə bilər.
Bu praktika həmçinin Azərbaycanda qalan ailə üzvlərinə təzyiqlə nəticələnir və xaricdəki aktivizmə, media fəaliyyətinə və ictimai tənqidə qarşı ‘soyuqlaşdırıcı təsiri’ daha da gücləndirir",
 - o qeyd edib. 

Hüquqşünas əlavə edir ki, bu cinayət işləri "hüquq sistemlərindən, ekstradisiya kanallarından və beynəlxalq polis mexanizmlərindən pis niyyətlə istifadə etməklə daxili repressiyanı transsərhəd müstəviyə yaymaq üçün qəsdən seçilmiş strategiyadır". 

"Bu strategiya daha geniş bir tendensiyaya uyğun gəlir: Azərbaycan ölkə daxilində vətəndaş məkanına nəzarəti gücləndirərkən, fəaliyyətini xaricdən davam etdirən şəxsləri hədəf alır", - o bildirib. 

S.Rəhimli düşünür ki, həm mühacirlərin yaşadığı ölkələr, həm də beynəlxalq institutlar bu halları transsərhəd repressiya kimi tanımalı və uyğun müdafiə mexanizmlərini tətbiq etməlidirlər.