Bakıda qəssab fəaliyyəti ilə məşğul olan, amma adının çəkilməsini istəməyən bir şəxs AzadlıqRadiosuna deyib ki, dana ətinin kiloqramını 18 manata, quzu ətini isə 22 manata satır. O, son günlər dana ətinin 2, quzu ətinin isə 1 manat bahalaşdığını açıqlayıb.
Azərbaycanda bu ilin əvvəlində dana ətinin kiloqramı 12-13 manata təklif edilib (bir il ərzində 30 faizdən çox bahalaşma baş verib).
Qəssab son qiymət artımını bu il ölkədə mal-qara arasında dabaq xəstəliyinin yayılması və bezi heyvanların tələf olması ilə izah edib.
Hələlik rəsmilər son bahalaşmanı şərh etməyiblər.
Son bir ildə ölkədə iri mal-qaranın sayında təqribən 50 min azalma var. Üstəlik, ölkəyə ət idxalı da azalıb. Amma bu ilin 10 ayında quş əti də daxil ət istehsalının çox cüzi – 0.1 faiz artdığı bildirilir.
Ekspertlər vurğulayırlar ki, ölkədə pambıqçılığın inkişafı və örüş yerlərinin azalması səbəbindən mal-qara sayında son illər davamlı azalma baş verib.
Azərbaycanda ətin qiyməti bahalaşmağı davam edir