Ölkənin pensiya sistemi risk altındadır: Hesablama Palatasının açıqladığı rəqəmlər bunu göstərir

Ölkənin ali audit qurumu statusuna malik Hesablama Palatasının 2026-cı il dövlət büdcəsinə dair rəyi pensiya sisteminin ciddi risk altında olduğunu ortaya qoyur.

Bu, neft-qaz gəlirlərinin kəskin azaldığı halda pensiyaların maliyyələşdirilməsində ciddi problemlərin yarana biləcəyinə də işarə edir.

Söhbət Palatanın “asılılıq əmsalı” adlandırdığı göstəricidən gedir. Bu göstərici faktiki pensiya alanların sayının hazırda işləyən və sosial sığorta ödəyən əhaliyə nisbətini ifadə edir.

Yəni pensiya alanların sayı işləyərək sosial sığorta ödəyənlərin sayından nə qədər az olarsa, pensiya sistemi o qədər dayanıqlı sayılır. Dünyada bu göstəricinin ideal səviyyəsi 1 pensiyaçıya 3-4 sığorta ödəyicisinin düşməsi hesab edilir. Bu halda asılılıq əmsalı təxminən 25-35% intervalında olur.

Hesablama Palatasının məlumatına görə, Azərbaycanda 2024-cü ilin sonunda bu göstərici 51,7% təşkil edib. Bu isə o deməkdir ki, 1 pensiyaçıya hətta 2 nəfər sığorta ödəyicisi belə düşmür və göstərici dünyada qəbul edilən səviyyədən ən azı iki dəfə aşağıdır.

Palatanın təqdim etdiyi mətndə müəyyən təskinlik üçün belə bir cümlə yer alır: ilin əvvəlində asılılıq əmsalı 54,2% olsa da, ilin sonunda 51,7%-ə düşüb. 

Rəsmi statistika göstərir ki, 2024-cü ilin əvvəlindən sonuna qədər pensiyaçıların sayı demək olar dəyişməyib və 1,1 milyon nəfər ətrafında olub. Bu halda asılılıq əmsalının azalması yalnız sosial sığorta ödəyicilərinin sayının artması ilə mümkündür. Hesablamalar göstərir ki, il ərzində rəsmi işləyib sosial sığorta ödəyənlərin sayı 100 min nəfər artaraq 2 milyon nəfərdən 2,1 milyon nəfərə çatıb.

Lakin araşdırmalar göstərir ki, 2015-2020-ci illərdə sosial sığorta ödəyicilərinin sayı dövri olaraq dəyişib və əvvəlki illərdə də 2,1 milyon nəfərə yaxın olub. İqtisadiyyat naziri mütəmadi olaraq əmək bazarının şəffaflaşması, əmək müqavilələrinin kəskin artması ilə bağlı açıqlamalar versə də, real mənzərəni açan əsas göstərici sosial sığorta ödəyicilərinin faktiki sayıdır. Bu rəqəm manipulyasiyaya imkan vermir. Belə bəyanatlar ictimai rəyə təsir edə bilər, lakin reallığı dəyişmir.

Rəqəmlər göstərir ki, son 10-15 ildə hökumət rəsmi işləyənlərin sayını ciddi şəkildə artıra bilmədiyi üçün pensiya yaşını sürətlə qaldırmaqla pensiya alanların sayının kəskin azalmasına nail olub və bununla da asılılıq əmsalı müəyyən qədər aşağı düşüb. Məsələn, son 15 ildə yaşlı əhali iki dəfədən çox artaraq 700 min nəfərdən 1,4 milyon nəfərə çatdığı halda, həmin dövrdə pensiya alanların sayı 200 min nəfər azalaraq 1,1 milyon nəfərə enib.

Bir çox ölkələrdə bu göstəricinin əhəmiyyətinə görə məlumatlar müntəzəm olaraq açıqlanır. Bəzi ölkələrdə bu göstərici “aktiv-passiv sığorta olunanların nisbəti” kimi təqdim olunur. Burada passiv sığorta olunanlara bir zamanlar işləyib hazırda pensiya alan şəxslər, aktiv sığorta olunanlara isə işləyərək sosial sığorta ödəyənlər daxildir.

Müqayisələr göstərir ki, hazırda Azərbaycan pensiya sistemində asılılıq əmsalı və ya aktiv–passiv nisbətinə görə bəzi qonşu ölkələrdən xeyli geri qalır. Məsələn, Qazaxıstanda pensiyaçı–işləyən nisbəti 1:3,5, Ermənistanda isə 1:2,3-dür.

Üstəlik, nəzərə almaq lazımdır ki, Azərbaycan əhalinin pensiya yaşının ən yüksək olduğu ölkələrdən biridir (həm qadınlar, həm də kişilər üçün 65 yaş).

Hər iki ölkədə - Qazaxıstanda və Ermənistanda pensiya yaşı daha aşağıdır. Qazaxıstanda kişilər 63, qadınlar 61 yaşında, Ermənistanda isə hər iki cins 63 yaşında pensiyaya çıxır. 

Türkiyədə asılılıq əmsalı Azərbaycanın göstəricisinə yaxın olsa da, pensiya yaşı xeyli aşağıdır: qadınlar 58, kişilər 60 yaşında pensiya hüququ qazanır.