Naxçıvan şəhər İmamzadə Kompleksi - VİDEO

Azərbaycan inancı ilə dini dəyərlərə sahibləndiyi məkanlardan biri də Naxçıvandır. Naxçıvan ərazisində yerləşən imamzadələr burada şiə inancına qarş böyük sevginin varlığından xəbər verir. Təsadüfi deyiildir ki, bu şəhərin müxtəlif ərazilərində ucalan dini ziyarətgahlar, pir və məscidlər bu xalqın keçmişindən bu gününə daşınaraq qorunan ali dəyəri olaraq xalqın sevgisi ilə əhaqə olunmuşdur. Onlardan biri də Naxçıvan şəhərinin cənubunda yerləşən İmamzadə Kompleksidir. Türbənin içərisində səkkizinci imam Əli ibn Musa Rzanın (ə) оğlu olduğu ehtimal olunan məzar yerləşir. Bu fikri rus alimi V. M. Sısoyev də qeyd etmişdir. O, həmçinin burada olan böyük qəbirin üzərində yazısı olan sarı mərmər daşdan sinə daşı və qəbrin yanında əhali tərəfindən müqəddəs sayılan iki ədəd qara daşın olduğunu da yazmışdır. Təəssüf ki, həmin kitabə günümüzədək gəlib çatmamışdır. İndiki vəziyyətdə qəbir qara mərmər daşla üzlənmişdir. Qəbrin səkkizinci imamın oğluna aid olması fikrinin doğru olmasına gəldikdə isə onun xalq arasında imamzadə adlandırılması bu fikri deməyə əsas verir. Bu məlumatın düzgünlüyünün bir səbəbi isə yerli şiə əhalinin imamlara böyük hörmətinin olması ilə bağlıdır.
Abidə Səfəvi şahı II Təhmasibin zamanında, yəni 1722–1732-ci illərdə Hacı Fulad bəyin oğlu Həzrət Rufai bəy tərəfindən inşa etdirilmişdir. Kompleks, 3 binadan ibarətdir. Abidənin cənub tərəfində yerdən dördbucaqlı formada yuxarısı silindir şəkilli inşa edilən türbə onun əsas hissəsini təşkil edir. Planda kvadrat formasına malik olan türbənin günbəzə keçid hissəsi stalaktitlər şəklində həyta keçirilmişdir. Xaricdən kubik təməl hissə üzərində səkkizguşəli bina həcmi ucalır, onun üzərində isə dartılmış formaya malik baraban və dəbilqəvari günbəz yerləşir. Silindrik barabanın fasadı Bərdə türbəsi və Şeyx Səfi türbəsində olduğu kimi xalını xatırladan bəzək ünsürü və kufi xətti ilə dəfələrlə təkrarlanan "Allah" sözü işlənmişdir. Bu dizayn effektinin yaradılması zamanı memarlar bişmiş qırmızı kərpic və açıq bənövşəyi kaşılardan istifadə etmişlər. Türbənin içərisində uzunluğu 150 sm, hündürlüyü 88 sm, eni 115 sm olan, sənduqə tipli bir qəbir vardır.
Bu türbəyə bitişik kompleksin dördbucaqlı formasında olan birinci salonu ondan şimalda yerləşir. Türbədən ona təxminən 1,5 m ucalığında olan giriş qapısı vardır. Yəni türbəyə giriş onun şimal tərəfindən olan yeganə qapısındandır. Birinci salondan şimalda isə ona bitişik, həm eni, həm də uzunluğuna görə ondan nisbətən böyuk ikinci salon yerləşir. Birincidən fərli olaraq ikinci salonun mərkəzində böyük günbəzi vardır. Çöldən kompleksə giriş qapısı bu salonun qərb tərəfindəndir.
      İmamzadə kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2008-ci ildə yüksək səviyyədə bərpa olunmuşdur.