İqbal Əbilovun Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qaldığı bildirilir

Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salınan talış tədqiqatçısı İqbal Əbilovun döyüldüyü, saatlarla dəmir çarpayıya bağlandığı və bədənində müxtəlif xəsarətlərin yarandığı bildirilir.

Bu barədə Əbilovun yaxınları məlumat yayıblar. Onların sözlərinə görə, tədqiqatçının qolları dəmir çarpayıya bağlanıb, bədəninin müxtəlif nahiyələrində göyərmələr və ağır xəsarətlər yaranıb.

Yaxınları iddia edirlər ki, Əbilov Yasamal Rayon Məhkəməsində üzərində şair Əli Nasirin “Millət öz başını itirən günü, qazanır yurdunun ölüm hökmünü” misraları yazılmış köynəklə prosesə qatıldığı üçün cərimə kamerasına salınıb.

“İqbal Əbilova qarşı tətbiq edilən işgəncə və qeyri-insani rəftar dərhal dayandırılmalı, onun təhlükəsizliyi və sağlamlığı təmin edilməlidir. Bu hüquq pozuntusuna görə məsuliyyət daşıyan şəxslər müəyyən edilərək qanun qarşısında cavab verməlidirlər”, - yaxınlarının açıqlamasında bildirilir.

İqbal Əbilovun atası Şahin Əbilov “Meydan TV”yə müsahibəsində zorakılığın Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin rəhbərliyi altında həyata keçirildiyini iddia edib.

“Ayın 9-u görüş günü idi, amma bizi görüşə buraxmadılar. Sonra vəkillərdən xahiş etdik ki, onlar getsinlər. Lakin onları da qanunsuz olaraq görüşə buraxmadılar. Sadəcə uzaqdan səsini eşitdirdilər, dedi ki, “hə, yaxşıyam”. Bununla da bitdi. Bu gün məhkəmədə məlum olub ki, oğlum işgəncəyə və zorakılığa məruz qalıb. Saatlarla əli qandallı vəziyyətdə dəmir yatağa bağlanıb, qolları sıyrılıb, fiziki və mənəvi işgəncəyə məruz qalıb, döyülüb. Bunların hamısı rəis müavini Cavid Güləliyevin başçılığı altında baş verib”, - Şahin Əbilov bildirib.

18 il azadlıqdan məhrum edilən tədqiqatçının iyulun 10-da cərimə kamerasına salındığı barədə daha əvvəl məlumat yayılmışdı.

Yaxınlarının sözlərinə görə, iyulun 9-da Əbilovun valideynləri ilə keçirilməli olan görüş baş tutmayıb. Valideynləri tələb edilən sənədləri təqdim etdikdən sonra təxminən bir saat gözləsələr də, görüşə buraxılmayıblar. Sənədlər onlara geri qaytarılıb, gətirdikləri sovqat isə qəbul edilməyib.

Onlara Əbilovun saxlanıldığı yerin dəyişdirildiyi bildirilib və növbəti həftə yenidən gəlmələri istənilib.

Həmin gün vəkil Fariz Namazlının da müvəkkili ilə görüşünə icazə verilmədiyi bildirilir. Vəkilə Əbilovun cərimə kamerasına salındığı deyilsə də, qərarın səbəbi açıqlanmayıb.

İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Ona dövlətə xəyanət ittihamı irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi 2025-ci il mayın 20-də Əbilovu 18 il azadlıqdan məhrum edib. Şirvan Apellyasiya Məhkəməsi həmin il oktyabrın 23-də, Ali Məhkəmə isə 2026-cı il iyunun 11-də hökmü qüvvədə saxlayıb.

Əbilov və müdafiə tərəfi ittihamları qəbul etmir. Onlar tədqiqatçının talış tarixi və mədəniyyəti ilə bağlı araşdırmalarına görə saxta ittihamlarla həbs olunduğunu bildirirlər.

Bir sıra yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları İqbal Əbilovu siyasi məhbus kimi tanıyıblar.