Müsavatçının həbs müddəti 6 ay azaldıldı

Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudovun həbs cəzası azladılıb. Bunu vəkil Osman Kazımov bildirib.

Onun sözlərinə görə, Ə.Xurşudovun şikayətinə avqustun 30-da Şirvan Apellyasiya Məhkəməsində baxılıb: "Ə.Xurşudovun cəza müddəti 5 ildən 4 il 6 aya endirilib. Hesab edirəm ki, bu addım ölkədə müstəqil məhkəmə olması görüntüsü yaratmaq və həbsin siyasi motivli olmasını arxa plana keçirmək cəhdidir və hesab etmirəm ki, bu qərar ədalətlidir", deyə vəkil bildirib.

Xatırladaq ki, Ə.Xurşudov 2017-ci il noyabrın 22-də saxlanıb. Noyabrın 24-də isə məhkəmənin qərarı ilə haqqında həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilmişdi.

221.2.2 maddə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə tətbiq edilir.

221.2.3 maddədə isə söhbət silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdən gedir.

Yekunda ittihamdan 221.2.2 maddə çıxarılıb. Ona əvvəlki 221.2.3 və yeni 315.2 maddələr üzrə ittiham verilib.

Vəkilləri 315.2-ci (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsinin əlavə edilməsini cinayət işinin daha da ağırlaşdırılması hesab edirdilər.

Müsavat Partiyası bəyanat verərək, həbsin siyasi motivli olduğunu bildirib.

Ancaq rəsmilər ölkədə siyasi motivli həbslərin olması fikrini qəbul etmirlər.

Müsavat Partiyası bundan əvvəl də bildirmişdi ki, Əlikram Xurşudov saxlanmazdan əvvəl özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Onlar həbsi belə statuslarla izah edirlər.

Hakim YAP haqqında bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Ötən il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir.

2018-ci il mayın 4-də isə Şirvan Şəhər Məhkəməsində Müsavat Partiyası yerli təşkilatının sədri Ə.Xurşudovun məhkəməsi olub və 5 il həbs cəzası verilib.

Turan