“Müdafiə Xətti”-nin qeydə aldığı hüquq pozuntuları ilə bağlı 63 saylı bülleteni

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 12 dekabr-25 dekabr tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 63 saylı bülleteni

16 dekabr 2022-ci il. Daxili İşlər Nazirliyinin önündə etiraz edən Nata Katamadze polis tərəfindən saxlanılıb. O, hazırda Səbail RPİ-nin 9-cu PB-də saxlanılır. AXCP fəalı Katamadzenin saxlanma səbəblərini araşdırırıq.

19 dekabr 2022-ci il. Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qalıb. Vəkil bildirir ki, Bəxtiyar Hacıyevlə  Bakı İstintaq Tərcidxanasında görüşdüyü zaman konfidensial qaydada apardığı hüquqi müdafiəyə dair qeydlər həmin müəssisənin rəis müavini olan polkovnik-leytenant rütbəli Rəşad adlı şəxs tərəfindən zorla götürülüb, konfidensiallıq və hüquqi müdafiə ciddi şəkildə pozulub. Bununla bağlı vəkil rəsmi olaraq Penitensiar Xidmətə müraciət edib.

20 dekabr 2022-ci il. Vəkil Elvin Yusifov polis şöbəsində zorakılığa məruz qalıb. Vəkil bu barədə sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi vətəndaşın şübhəli şəxs qismində saxlanma səbəbini şöbədə olan polis əməkdaşlarından soruşub. Bu zaman həmin polislər qolundan tutub itələyib, müstəntiq isə telefonunu əlindən alıb: “Hüquqlarını müdafiə etdiyim şəxsin tutulmasının səbəbini soruşduğuma və telefonla danışdığıma görə polis əməkdaşları qolumdan dartdılar. Yaşar adlı müstəntiq məcburi şəkildə telefonumu əlimdən aldı. Rəhim adlı müstəntiq üstümə qışqırdı. Polis şöbəsinin həyətindən çölə çıxardılar”.

20 dekabr 2022-ci il. Dekabrın 18-də, səhər saat 05.00 radələrində qanunsuz həbsinə etiraz olaraq aclıq edən Bəxtiyar Hacıyevi saxlandığı kamerada qandallayıblar. Onu “kars”a aparıblar. İstilik sistemi olmayan kamerada 8 saat saxlayıblar. Bu müddətdə dəfələrlə su istəyib. İçi su ilə dolu stəkanı göstəriblər,  amma verməyiblər. Bundan sonra onu istintaq təcridxanasının rəisinin yanına aparıblar. Təcridxananın rəisi Bəxtiyar Hacıyevi hədələməyə başlayıb. Tələb edib ki, aclıqla bağlı ərizəsinə dəyişiklik eləsin.

23 dekabr 2022-ci il. “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatı  Bakının mərkəzində “İşgəncələr son”, “Repressiyalara son”, “Siyasi məhbuslara son”, “Bəxtiyar Hacıyevə azadlıq” şüarları ilə aksiya təşkil edib. Konstitusiyanın 49-cu maddəsinin və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun tələbləri pozulmaqla aksiyanın keçirilməsinə polis maneçiliyi yaradılıb. Təşkilatçılar, “Müdafiə Xətti”-nin həmtəsisçiləri Rüfət Səfərov, Zaur Əkbər, Zəfər Əhmədov aksiya məkanına çatmamış saxlanılıb. Ümumilikdə (həm aksiyada, həm də aksiya məkanına çatmamış) 60 nəfərə yaxın vətəndaş saxlanılıb, bir neçə saatdan sonra sərbəst buraxılıblar. Aksiya iştirakçısı, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 30 sutka inzibati qaydada həbs edilib. Jurnalistlərin fəaliyyətinə maneçilik törədilib “Amerikanın Səsi”-nin müxbiri Türkan Bəşir saxlanılıb, jurnalist olduğu bilinəndən sonra sərbəst buraxılıb. “Abzas media”-nın əməkdaşı İsmayıl Tağıyevə polislər tərəfindən zorakılıq göstərilib.