Jurnalist Elmar Hüseynovun qətlindən 18 il ötür, qatillər hələ də məsuliyyətə cəlb edilməyib

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 18 il keçir. İndiyədək qətlin icraçıları və sifarişçiləri məhkəmə qarşısına çıxarılmayıb.

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, martın 2-də bir qrup ictimai-siyasi xadimlər, media təmsilçiləri Elmar Hüseynovun xatirəsini yad etmək üçün onun məzarını ziyarət edib.

Çıxışlarda bildirilib ki, Elmar Hüseynov azad sözün qurbanıdır və ölkədə demokratik rejim qurulanda onun qətlinin üstü açılacaq.

"Elmar Hüseynov azad sözün qurbanı oldu, avtoritarizmin hədəfinə gəldi. Bir neçə dəfə prokurorluğa Elmar Hüseynovun qətlinin araşdırılmasının vəziyyəti ilə bağlı müraciət etdik. Əgər xatırlayırsınızsa İlham Əliyev həmin dövrdə bəyan etmişdi ki, bu qətli törədənlər çox qısa zamanda öz cəzalarını alacaqlar, amma 18 il keçir hələ də o adamlardan xəbər yoxdur", Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, yalnız demokratik rejim bərpa olunanda azad söz də qüdrətinə çatacaq, azad sözü susduranlar da cəzasını alacaq.

"Biz hər dəfə burada öz arzularımızı, istəklərimizi bildirmişik ki, yaxın vaxtlarda Azərbaycanda vəziyyət dəyişəcək, Azərbaycanda demokratik azadlıqlar təmin ediləcək, Elmar Hüseynovun qatilləri tapılacaq, onlar məsuliyyətə cəlb olunacaq. Ancaq hər şeydən görünür ki, bu hakimiyyət dəyişməmiş heç bir hüquqların bərpa olunmasına ümid yoxdur. Şübhəsiz ki, Elmar Hüseynovun qatilləri də məhz bugünkü hakimiyyət olmayanda müəyyənləşəcək və cəzalarına çatacaqlar", o qeyd edib.

Bloger Mehman Hüseynov qatillərinin adını hələ bir neçə il əvvəl dediyini xatırladıb.

"Bura əslində çox simvolik bir yerdir. 2017-ci ilin martın 2-də çıxışım zamanı əslində Elmar Hüseynovun qatillərinin kimlər olduğunu bildirmişdim. Martın 3-də mənim həbsim baş verdi", bloger bildirib.

Hökuməti və hökumət üzvlərini sərt tənqidi yazıları ilə tanınan jurnalist 2005-ci ildə yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Baş Prokurorluq qətl faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4 və 228 (bilərəkdən xüsusi amansızlıqla adam öldürmə və qanunsuz odlu silah saxlama, gəzdirmə) maddələrilə cinayət işi qaldırıb. Prezident İlham Əliyev jurnalistin qətlini Azərbaycanın imicinə vurulan "qara ləkə" adlandıraraq cinayətin tezliklə açılması, sifarişçilərin və qatillərin cəzalandırılması üçün mümkün olan hər şeyin ediləcəyini bildirmişdi.

Lakin 18 il keçməsinə baxmayaraq, bu qətlin icraçıları və sifarişçiləri məsuliyyətə cəlb edilməyib.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmadığına qərar verib. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərə görə 10 min avro cərimələnib.