Sekulyar dini sistem - Dubay modeli

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda Aşura mərasiminin keçirilməsinə qadağa yoxdur. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) "fətvasına" əsasən, Aşura iyulun 5-də qeyd olunub və bu qərar dövlətin qaydalarına uyğun olaraq həyata keçirilib.
Millət vəkili dediklərini əsaslandırmağa çalışaraq “Dövlətin müəyyənləşdirdiyi qaydalara əməl etməyən insanlar cəzalandırılır. Bu, dünyanın hər yerində belədir, təbii məsələdir və böyüdüləsi, qlobal səviyyəyə qaldırılası heç nə yoxdur. Hər kəsin diqqətli və ehtiyatlı olmasına ehtiyac var. Təbii ki, qanun və qaydanı pozanlarla bağlı addımlar atıldı. Dindarı da, qeyri-dindarı da - hər kəs bilməlidir ki, bu dövlət bizim dövlətimizdir! Və bu dövlətin qaydalarına əməl etməliyik” deyib.
Cənab Məmmədovun öncə diqqətinə çatdıraq ki, dinin əleyhinə hər hansı bir qadağanı rəsmiləşdirmək özü qanunu pozmaqdır. Aşura 10-cu deməkdir və onu Məhərrəm ayının 9-da qeyd edib cəmiyyəti buna məcbur etmək, əslində, bu qərarı verənlərin qanunu pozan tərəf olaraq icraçı olduğuna nümunədir.
Məsələ Ceyhun Məmmədova gəlincə bir müddət öncə BakuTv-də Elşad Miri ilə məkan bölüşən zaman Elşadın “İslamda belə bir həcc retualı yoxdur” sözünə çaşqınlıqla baxış və susqunluğu bəllidir ki, onun dini bilgiləri söz mövzusu deyil. Bu idarənin ümumi qərarları bundan öncə də olduğu kimi, şiə əqidəsinə zərbəyə hesablanmış sistemli addımlardır.
Yalnız şiə uşaqlarını məscidlərə buraxmayan komitənin sərt qərarlarında nə yahudi uşaqları, nə də xristianlıqla bağlı qadağada yer almır. Bunun əyani sübutunu xristianların Pasxa, yəhudilərin Pesax, Roş Ha-Şana və Xanuka kimi bayramlarında görmək olar ki, orada hər yaşda uşaq qatıla bilir. Sələfilərin də eyni rahatlıqda məsciddə uşaqlarla dərsdə poz verib şəkil çəkdirməsi də bu məsələdə şiəliyin hədəfə alınmasını göstərir.
Ramazan və Qurban bayramlarında şiə fiqhinə uyğun bayram keçirilməsi-hansı ki, müstəqilliyimizdən 2023-cü ilə qədər hər il bu tarixdə qeyd edilirdi - dəyişdirilərək sələfi-vəhhabi fiqhi ilə qeydi də Dini Komitənin məlum siyasi təzyiq mexanizmini planlı icra etdiyini göstərir.
Bu qərarlar Ruhanilər İdarəsinin adından səslənsə də, bəllidir ki, dini mövzu elə din adından üz qarası olanların əli ilə cəmiyyətə çatdırılmalıdır da. Ancaq qərarlar Ruhanilər İdarəsində deyil, Dini Qurumların binasında hazırlanır və yalnız hədəfləri Şiə əqidəsidir. Azərbaycanda sürətli olaraq bir zamanlar Türkiyədə tətbiqinə başlanılan və hal-hazırda sekulyar dini mühit formalaşdırılan qardaş ölkənin din mödeli ölkəmizdə də məcburi qəbuluna ciddi cəhdlər edilir.
Bunun uğuru üçün isə Şiə əqidəsini hədəfə alaraq müdafiə kəmərini ortadan qaldırmaq lazımdır ki, ölkəmizdə də dini sekulyar bir sistem, Dubay sistemi formalaşdırılsın. Bunun isə yalnız tək maniəsi Şiə əqidəsi və ya bu əqidənin qoruyucu sistemi olan Aşuradır. Zamanla bu və bənzər addımlar nə qədər kamufulyaj olunsa da, son nəticədə bu tip addımlarla öz həqiqi hədəflərini ortaya qoymuş olur.