İtalyanlar İsrailə yükdaşımanın qarşısını almaq üçün limanları bağlayır

İtaliyada həmkarlar ittifaqları İsrailin Qəzzanı işğalına qarşı ümummilli etirazlar təşkil etdikdən sonra liman işçiləri Genuya və Livorno limanlarını bağlayıb.

İtaliya həmkarlar ittifaqları tərəfindən çağırılan tətillər səbəbindən məktəblər bağlandığı və nəqliyyatın dayandırıldığı bir vaxtda İtaliya hökuməti Fələstini tanıması üçün BMT-də təzyiq altındadır.

Bazar ertəsi İtaliyada fələstinlilərlə həmrəyliyə çağıran minlərlə etirazçı və tətilçi küçələrə çıxıb. Bəziləri Milanın mərkəzi qatar stansiyasına basqın edərək polislə şiddətli toqquşub.

Tətil ölkə daxilində fasilələrə səbəb olub, şəhərlərarası qatarlarda uzun gecikmələr və Roma da daxil olmaqla böyük şəhərlərdə ictimai nəqliyyatda məhdudiyyətlər olub.

Milanda qara geyinmiş və dəyənəklərlə silahlanmış onlarla etirazçı polisə tüstü bombaları, butulkalar və daşlar ataraq şəhərin mərkəzi qatar stansiyasının əsas girişinə basqın etməyə cəhd etdikdən sonra gərginlik artıb. Polis gözyaşardıcı qazla cavab verib. Bolonyada polis magistral yolu bağlayan etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

İtaliyanın əsas limanları olan Genuya və Livornoda malların daşınması işçilərin oturaq aksiyaları və mitinqləri ilə yavaşladı və ya qismən bağlanıb.

20 mindən çox insan Romanın mərkəzi stansiyasının qarşısına toplaşaraq İsrailə etiraz edib.

Həmkarlar ittifaqları və tələbə təşkilatları “İtaliya və Aİ hökumətlərinin hərəkətsizliyini” pisləyib.

Milanda keçirilən yürüşdə iştirak edən CUB həmkarlar ittifaqının milli katibi Valter Montagnoli, “İsrailin etdiklərini dayandırmasaq, İsraillə ticarəti, silah paylamasını və digər hər şeyi dayandırmasaq, heç nəyə nail ola bilməyəcəyik” deyib.

Baş nazir Giorgia Meloni bəzi etirazçılar tərəfindən törədilən şiddətli toqquşmaları pisləyib, "Zorakılıq və dağıntıların həmrəyliklə heç bir əlaqəsi yoxdur və Qəzzada insanların həyatında heç nəyi dəyişməyəcək" yazıb.

İsrailin AB-də yaxın müttəfiqi olan Meloni başçılıq etdiyi millətçi-mühafizəkar hökumət son vaxtlar müharibə ilə bağlı daxili təzyiqlərin artması fonunda İsrail siyasətlərinə qarşı daha sərt mövqe nümayiş etdirib.

Bununla belə, İtaliya BMT Baş Assambleyasının bu həftə keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacaq ölkələr sırasında deyil.