İsrail prezidenti: Ölkə vətəndaş müharibəsinin astanasındadır

İsrail məhkəmə islahatları uğrunda şiddətli mübarizəyə görə uçurumun və vətəndaş müharibəsinin astanasındadır. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bunu İsrail prezidenti Yitzhak Hersoq açıqlamasında deyib. 

“Bizdə heç vaxt insan itkiləri ilə nəticələnəcək həqiqi vətəndaş müharibəsinin baş verməyəcəyini düşünən hər kəs nədən danışdığını bilmir”, - prezident vurğulayıb. Onun sözlərinə görə, İsrail dövlət müstəqilliyinin 75-ci ilində uçurumun astanasındadır. 

Xatırlatma

İsraildə kütləvi etirazlar Baş nazir Benyamin Netanyahu kabinetinin hakimiyyətə gəlməsindən sonra başlayıb. Aksiyalara səbəb ədliyyə naziri Yariv Levinin qanunlar və hökumət qərarları ilə Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması təklifi olub. Həmçinin Levinin təklifinə əsasən, hakimlərin seçiminə hökumət nəzarət edəcək. İsraillilərin 60%-i bu islahata qarşı çıxıb. Baş nazir etirazlara baxmayaraq, islahatın istənilən halda aparılacağını bildirib.

Martın 12-də  məhkəmə islahatlarına qarşı İsrailin bir çox bölgələrində kütləvi etiraz aksiyaları keçirilib. Təşkilatçıların sözlərinə görə, iştirakçıların sayı təxminən yarım milyon nəfər olub. Bir həftə əvvəl də məhkəmə islahatlarına qarşı etiraz aksiyalarında 400 minə yaxın insan iştirak etmişdi. 

Prezident hökumətə müraciət edərək, ədliyyə sistemində köklü dəyişikliklərə qarşı kütləvi etiraz aksiyaları keçirən sakinləri dinləməyə çağırıb.