İran kəşfiyyatı ölkədə Mossada bağlı daha iki qrupu ələ keçirdiyini bildirib

İran kəşfiyyatı ötən dekabr ayında dörd, son günlərdə isə daha iki cəsus qrupunu ələ keçirdiyini bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən dekabr ayında Mossada işləyən dörd cəsus əməliyyat qrupunun aşkarlanması və üzvlərinin ələ keçirilməsindən sonra daha iki qrup ələ keçib.

“Müəyyən edilmiş qrupların sayı 6-ya yüksəldi. Bu terror şəbəkəsində Tehran, İsfahan, Yəzd, Qərbi-Azərbaycan və Gülüstan vilayətlərində 23 əməliyyatçı və dəstək verən ünsür müəyyən edilib. İndiyədək ölkə daxilində olan 13 nəfər həbs edilib və onların müxtəlif əməliyyat avadanlıqları da ələ keçirilib. Sirus ləqəbli şəbəkə rəhbəri Avropa ölkələrindən birində məskunlaşıb, “İnstagram” və “WhatsApp” sosial şəbəkələri vasitəsilə ölkə daxilindəki əməliyyat ünsürlərini müəyyən etməyə və əlaqə yaratmağa çalışıb…Mossad casus-terror təşkilatı ölkənin bəzi bölgələrində baş verən son iğtişaşlardan istifadə etmək məqsədi ilə bəzi hərbçilərə qarşı sui-qəsd təşkil etmək, ölkənin böyük şəhərlərində də bir sıra təxribat əməliyyatları həyata keçirmək niyyətində olub. Böyük ölçülü partlayıcı maddələrin ölkənin cənub dəniz sərhədlərindən daşınması kimi addımların qarşısı alınıb”, deyə İran Kəşfiyyatının bəyanatında bildirilib.