İngiltərədə tətil dalğası davam edir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, bir sıra sənaye sahələrində minlərlə britaniyalı işçi hökumətlə əmək haqqı və iş şəraiti ilə bağlı davam edən mübahisələr fonunda çərşənbə günü işlərini tərk edib. Reuters xəbər verir ki, tətillər Böyük Britaniyada ümumi problemə çevrilib. Çünki maaşların artımı inflyasiya ilə ayaqlaşa bilmir.

İngiltərə və Uelsdə müəllimlər tətillərin ikinci raunduna başladıqları üçün məktəblərin və təhsilin kəsiləcəyi gözlənilir. İngiltərədə həkimlər 72 saatlıq kollektiv tətillərini davam etdirirlər.

Böyük Britaniya Milli Təhsil Birliyi Milli Təhsil Nazirinə ünvanladığı məktubda deyilir: “Birlik tətilin valideynlər, uşaqlar və gənclər üçün yaratdığı narahatlığa görə təəssüflənir. Ancaq bu, tamamilə sizin məsuliyyətinizdir. Valideynlər hər gün müəllimlərin işə götürülməsi və saxlanması böhranının, o cümlədən məktəb büdcəsinin acınacaqlı olmasının övladlarının təhsilinə təsir etdiyini görürlər.

Çərşənbə və cümə axşamı tətillər səbəbindən yaranmış fasiləyə görə səmimi qəlbdən üzr istəyirik və valideynlərin dəyişikliyə ehtiyac olduğunu anlayacağına inanırıq.”

Böyük Britaniyanın 150-dən çox universitetində işçilər, eləcə də Dəmir Yolları və Dənizçilik İttifaqının üzvlərinin tətilləri ilə müəllimlərin aksiyasının cümə axşamı davam edəcəyi gözlənilir.

Böyük Britaniyanın Dəmir Yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Milli Birliyinin baş katibi Mik Linç müsahibəsində deyib: “Aşağı pensiyalar, iş şəraiti və iş yerlərinin itirilməsinə yol verilməyəcək. Nə qədər vaxt aparsa da, səylərimizi davam etdirəcəyik”.

Bu arada Böyük Britaniyanın maliyyə naziri Ceremi Hantın 2023-cü il üçün vergi və xərcləmə planlarını İcmalar Palatasına təqdim edəcəyi gözlənilir.