İlkin Rüstəmzadənin həbsindən 5 il ötdü

Avropa Məhkəməsinin gənc fəalla bağlı qərarı hələ də icra olunmur

NİDA fəalı İlkin Rüstəmzadənın həbsindən 5 il ötür. O, 17 may 2013-cü ildə xuliqanlıq ittihamı ilə saxlanılıb - istintaq Bakının dənizkənarı bulvarında Harlem Shake rəqs fləşmobunu və onun "YouTube"-da yerləşdirilməsini xuliqanlıq kimi qiymətləndirib.

2014-cü il mayın 6-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Onunla birlikdə həbs edilən 7 nəfər çoxdan azad edilib. Lakin İlkin Rüstəmzadə hələ də həbsdədir. Yaxınları bunu NİDA-çının əfv ərizəsi yazmaması ilə əlaqələndirirlər.

Ötən il iyulun 20-də Avropa İnsan Haqları Məhkəməsi İlkin Rüstəmzadənin Bakıda etiraz aksiyalarından biri zamanı inzibati həbsi ilə bağlı ilk şikayəti üzrə qərarı elan edib. AİHM ona 6 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Lakin vəkil Nemət Kərimli deyir ki, həmin təzminat verilmir:

"Hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin NİDA fəalı İlkin Rüstəmzadə barədə verdiyi qərarını icra etmir".
Vəkilin sözlərinə görə, qərarın yerinə yetirilməsinin və 5 ildir həbsxanada olan ərizəçiyə kompensasiya ödənilməsinin son tarixi hələ 2017-ci ilin dekabrında başa çatıb:

"Ancaq kompensasiya ödənməyib. Bununla əlaqədar Avropa Şurası Nazirlər Komitəsinə şikayət yazdım".
Müdafiə tərəfi Rüstəmzadənin cinayət təqibi ilə bağlı da şikayət verib. Hələlik AİHM-də həmin şikayətə baxılmayıb.

İ. Rüstəmzadənin həbsindən sonra valideynlərinin səhhətində problemlər yaranıb. Onların ixtisaslı tibbi yardıma ehtiyacı var. Amma ailənin bunu qarşılamağa maddi imkanı çatmır.

meydan.tv