Hikmət Hacıyev və Armen Qriqoryan arasında görüş olub

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Slovakiyanın paytaxtı Bratislava şəhərində görüş baş tutub. 

Toplum TV xəbər verir ki, görüş " GLOBSEC 2023 Bratislava Forumu" çərçivəsində təşkil olunub. 

Hikmət Hacıyev görüşdəki çıxışı zamanı qeyd edib ki, ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan üçün çox vacibdir. O həmçinin tərəflər arasında baş tutmuş görüşlərə diqqət çəkərək əlavə edib ki, sülh danışıqlarının harada aparılması deyil, daha çox danışıqların mövzusu əhəmiyyət kəsb edir.

Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyev 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürülməsini dəstəkləyir.

“Biz regionda sülh təşəbbüslərini öz əlimizə almalıyıq. Biz Azərbaycan-Gürcüstan-Ermənistan formatını təklif etmişik. Regiondakı nəqliyyat xətlərinin açılması məsələsinə gəldikdə isə, Ermənistan ərazisindən keçən Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün hər hansı qüvvələri dəvət etmək Ermənistanın öz işidir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sənəddə bu barədə maddə yer alıb”, - APA Hacıyevdən sitat gətirib. 

Öz növbəsində Armen Qriqoryan xüsusilə Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinin beynəlxalq mexanizmi, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi prosesləri, regional kommunikasiyaların blokunun açılması ilə bağlı məsələlərə toxunub.

Qriqoryan danışıqlar prosesində Azərbaycanın konstruktiv mövqeyinin zəruriliyini vurğulayaraq, maksimalist istəklərdən çəkinməyə çağırıb.