Gürcüstan nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir

Gürcüstan Respublikasının Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Bu barədə Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yaymışdır.

Məlumatda bildirilir ki, geniş tərkibli nümayəndə heyətinə Dövlət Agentliyinin Hüquqi Təminat Xidmətinin rəhbəri Vladimer Maçaraşvili, Ümumgürcüstan Katolikos-Patriarxının xorepiskopu, Axaltsixe və Tao-Klarceti mitropoliti Teodore (Çuadze), Patriarxlığın məsul nümayəndələri, eləcə də Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov və qurumun katibi Oktay İsayev daxildirlər. Həmçinin nümayəndə heyətinin tərkibində Gürcüstan Parlamentinin vitse-spikeri Sozar Subari, İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi sədrinin müavini Zurab Kadagidze, “Xalqın Gücü” parlament fraksiyası sədrinin müavini Guram Maçaraşvili və Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani yer almışlar.

Səfər proqramı çərçivəsində Bakı şəhərində, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində rəsmi görüş keçirilmişdir. Qonaqları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Komitənin digər rəsmi şəxsləri qəbul etmişlər. Müzakirələrdə Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri də iştirak etmişlər.

Görüşdə tərəflər iki strateji tərəfdaş və dost ölkə arasında tarixi köklərə söykənən ənənəvi qardaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirmişlər.

Müzakirələr zamanı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında olan institusional əlaqələrin böyük əhəmiyyət daşıdığı vurğulanmış, qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi və heyətlərarası səfərlərin intensivləşdirilməsi yönündə yekdil iradə ifadə olunmuşdur.