"Crocus City Hall"a hücumda ölənlərin sayı 143-ə çatıb

Rusiya rəsmilərinin bildirdiyinə görə, keçən həftə Moskvada konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb. Silahlılar tərəfindən hücum zamanı yaralanan 80-ə yaxın insan xəstəxanadadır.

Cümə gecəsi Moskva yaxınlığında yerləşən geniş ticarət və əyləncə mərkəzi "Crocus City Hall"da baş vermiş qətliam, təxminən iyirmi ildə Rusiya ərazisinə edilən ən qanlı ekstremist hücumu olub. Azı dörd silahlı şəxs avtomat silahla minlərlə tamaşaçıya atəş açıb və məkanı yandırıb.

İraq Şam İslam Dövləti (İŞİD) qrupunun qollarından biri zorakılığa görə məsuliyyəti öz üzərinə götürüb. ABŞ kəşfiyyatı isə qruplaşmanın məsuliyyət daşıdığını təsdiqləyən məlumatlara malik olduğunu bildirib.

Fransa prezidenti Emmanuel Makron Fransanın da hücuma görə İŞİD-in məsuliyyət daşıdığına işarə edən kəşfiyyat məlumatlarının olduğunu bəyan edib.

Rusiya Fövqəladə Hallar Nazirliyi yaralıların yeni sayını açıqlamasa da, səhiyyə naziri Mixail Muraşko çərşənbə günü bildirib ki, 80 nəfər xəstəxanalardadır və daha 205 nəfər tibbi yardıma müraciət edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti hücumdan bir gün sonra şübhəli bilinən 4 silahlı şəxs də daxil olmaqla, 11 nəfərin həbs edildiyini bildirib. Tacikistan vətəndaşı olduğu təsbit edilən 4 nəfər bazar günü terrorizm ittihamı ilə Moskva məhkəməsinə çıxarılıb. Onlarda şiddətli döyülmə izləri olub. Dinləmə zamanı onlardan biri huşunu itirib.

Rusiya rəsmiləri isə hücumda Ukraynanın və Qərbin rolu olduğunu israr edir. Kyiv bunu qəti şəkildə rədd edir. Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini bununla Ukraynada döyüşən qoşunlarının hiddətini artırmağa çalışmaqda ittiham edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinon rəhbəri Aleksandr Bortnikov da heç bir sübut təqdim etmədən bu işdə Qərbin casus agentliklərinin əli ola biləcəyini iddia edib. O, Putinin 4 silahlının həbs edilərkən Ukraynaya qaçmağa çalışdıqları barədə iddiasını təkrarlayıb və bunu Kyivin məsələyə qarışmasının sübutu kimi göstərib.

Lakin bu iddia Belarusun avtoritar prezidenti Aleksandr Lukaşenko tərəfindən alt-üst edilib. Lukaşenko çərşənbə axşamı şübhəlilərin Belarus sərhədində sərt nəzarətdən qorxduqları üçün Ukraynaya doğru getdiklərini deyib.

2015-ci ildən, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarından sonra ərazilərinin böyük hissəsini itirən İslam Dövləti qruplaşması uzun müddətdir ki, Rusiyanı hədəf alıb.

2015-ci ilin oktyabrında İslam Dövləti tərəfindən yerləşdirilən bombanın Sinay səhrasında Rusiyaya məxsus təyyarəni vurması nəticəsində göyərtəsində olan 224 nəfərin hamısı həlak olub. Təyyarədəki sərnişinlərin əksəriyyəti Misirdən qayıdan rusiyalılar olub.

 

Amerikanın Səsi