Britaniya "Fələstin Fəaliyyəti" hərəkatını dəstəkləyən 60 nəfəri mühakimə edir

London polisi bu yaxınlarda qadağan edilmiş İsrail əleyhinə hərəkata dəstək verən ən azı 60 nəfərin mühakimə olunacağını açıqlayıb.

London polisi hər həftə çoxlu sayda insanı dindirməyə və lazım gələrsə, onların mühakimə olunmasını təmin etməyə hazırlaşdıqlarını bildirib.

İyulun əvvəlində “Fələstin Fəaliyyəti” hərəkatı qadağan olunaraq terror təşkilatı elan olunduqdan sonra hərəkata dəstək verdiyi üçün 700-dən çox adam saxlanılıb.

Saxlanılanlardan 522-si keçən həftəsonu Londonda keçirilən etiraz aksiyası zamanı saxlanılıb ki, bu da Böyük Britaniyanın paytaxtında keçirilən bir nümayişdə ən çox saxlanma olub.

Baş prokuror Stiven Parkinson bildirib ki, bəyanatlar son nümayişlər zamanı saxlanılan çoxlu sayda insana aiddir və yaxın bir neçə həftə ərzində daha çox ittiham aktının gözlənildiyini açıqlayıb.

İyul ayında keçirilən nümayişdə həbs edilən üç nəfər əvvəllər terror qanunvericiliyinə əsasən qadağan olunmuş hərəkatı dəstəkləməkdə ittiham olunub. Polisin məlumatına görə, bu cinayətlərə görə təqsirli bilinənləri 6 aya qədər həbs və digər cəzalar gözləyir.

Daxili işlər naziri Yvette Cooper kütləvi həbslərdən sonra hökumətin qərarını müdafiə edərək, "Böyük Britaniyada milli təhlükəsizlik və ictimai təhlükəsizlik həmişə bizim əsas prioritetlərimiz olmalıdır" deyib.

Fələstin Fəaliyyəti 2020-ci ildə təsis edilib və İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağında soyqırım törətməyə başlamasından sonra Böyük Britaniyada məşhurlaşıb.