Bakıda və bölgələrdə dini kolleclər yaradılacaq

"Bakıda və digər bölgələrdə 4-ə yaxın yeni İslam kolleclərinin yaradılması istiqamətində işlər gedir".
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə danışıqlar aparılır.
 
Onun sözlərinə görə, işlər başa çatdıqdan sonra kolleclər İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərəcək:
 
"Kolleclərdə oxuyub təhsilini uğurla başa vuran tələbələr növbəti mərhələdə İlahiyyat İnstitutunda tədrisini davam etdirəcəklər".
 
Komitə sədri bildirib ki, Azərbaycanda məscidlərdə çalışan imamlar və din xadimlərinin say məsələsi tamamilə elmi cəhətdən araşdırılıb:
 
"Hesab edirik ki, məscidlərdə olan din xadimlərinin hazırlığında rəqəmlərin həddindən artıq böyük olmasına ehtiyac yoxdur. Misal olaraq, İlahiyyat İnstitutu 60 tələbə qəbul edirsə, kolleclər də 15 tələbə qəbul edəcək. Bu da din sahəsində olan tələbatı ödəyə biləcək".
 
M.Qurbanlı qeyd edib ki, məsələ müzakirə səviyyəsindədir: "Kolleclər də pulsuz olacaq. Məqsəd ölkədə gənclərin din sahəsində bilikləri xaricə getmədən əldə etməsidir".