Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar 21,1 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon 651 min ton yük daşınıb.

Azərbaycan Dövlət Statistika Komitəsi bildirir ki, yükdaşımalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artıb.

Yüklərin 55,6 faizi neft yükləri təşkil edib.

Dəniz limanları 11 milyon 157,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirib və yüklərin 9 milyon 221,1 min tonunu və ya 82,6 faizi tranzit yüklər təşkil edib.

Noyabrın 1-nə qədər limanlarda qalan yüklərin həcmi 366,7 min ton olub.

Həmçinin cari ilin 10 ayında dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,6 faiz artaraq 20,1 min nəfər olub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, Xəzər dənizi ilə yükdaşımaların artmasının əsas səbəblərindəın biri Rusiya-Ukrayna müharibəsi nəticəsində Qazaxıstan neftinin Azərbaycan vasitəsi ilə daşınmasıdır. Digər səbəb isə Orta Dəhliz vasitəsi ilə yük daşımalarının artmasıdır.

Ekspert hesab edir ki, Qazaxıstan neftinin yaxın illərdə yavaş-yavaş Azərbaycan üzərindən daşıma həcmləri artacaq.

“Azərbaycan Qazaxıstandan 30 milyon ton nefti qəbul edib, Bakı-Tbilisi-Ceyhan neüft boru kəmərinə vura bilər. Ancaq bundan əlavə Azərbaycanın Bakı-Supsa kəməri minimum 5 milyon ton nefti ötürə biləcək. Bundan sonra Azərbaycanın dəmir yolu vasitəsilə 10 milyon tona qədər nefti daşımaq mümkündür. Yəni bu ümumi layihə gücləridir. Ancaq Xəzər dənizinin o tayından bu tayına o nefti daşımaq lazımdır. İndiki mövcud tankerlərin sayı cəmi 12.5 milyon ton neftin daşımasına imkan verir”.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov oktyabrın 18-də Pekində "Bir Kəmər - Bir Yol" Təşəbbüsü çərçivəsində Beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forumda bildirib ki, ötən il Çindən Azərbaycan üzərindən qərb və əks istiqamətlərdə tranzit daşımalarının həcmi 60 faiz artıb.

Bununla yanaşı Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov bildirib ki, 2022-ci ildə Azərbaycan-Çin ticarət əlaqələrinin həcmi əvvəlki illə müqayisədə 21 faizdən çox artaraq, təxminən 2,2 milyard ABŞ dolları təşkil edib. Bu dinamika bu il də davam edir və ilin 9 ayında qarşılıqlı ticarətin həcmi təxminən 50 artıb.