Azərbaycan, Rusiya və Ermənistan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzrə razılıq əldə edib

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə iyunun 2-də Moskvda keçirilən üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “İyunun 2-də Rusiya paytaxtında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi il Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib.

Görüş konstruktiv şəraitdə keçib. Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub. Xüsusilə, Yeraşx (Arazdəyən)-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinə məlumat veriləcək.

Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”, sənəddə qeyd edilir.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Brüssel görüşündə tərəflər sərhəd məsələləri, nəqliyyat xətlərinin bərpası, humanitar məsələlər və Qarabağda yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi kimi məsələlər müzakirə edilib.

"Brüssel görüşündə liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanla (29,800 kvadrat kilometr) Azərbaycanın (86,600 kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər. Biz Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın sərhədlərin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olmasını alqışlayırıq. Biz Azərbaycan prezidenti İlham Əliyevin 25 may tarixli bəyanatını da alqışlayırıq", Avropa İttifaqının bəyanatında qeyd edilir.

Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iyunun 2-də Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər.

"Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır", o qeyd edib.

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirlib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, danışıqlar çox məhsuldar keçib və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq olub.

Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırır.

 

Amerikanın Səsi