Azərbaycan: “İsrailin İrana hücum üçün torpaqlarımızdan istifadə etməsinə icazə verməyəcəyik”

Operativtv.com Oda tv-yə istinadən xəbərinə görə  İsrailin “The Jerusalem Post” qəzetinə danışan Muxtar Məmmədov İsrail mətbuatında Azərbaycanın İsraildən iri miqyaslı silah idxalı müqabilində bu ölkəyə hərbi əməliyyatlarda yardım etmək üçün hava limanı hazırlaması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bu yaxınlarda Təl-Əvivə səfir təyin olunan Muxtar Məmmədov bildirib ki, "Azərbaycan əvvəldən bəyan edib ki, başqa dövlətlərin daxili işlərinə qarışmayacaq, ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək. Biz başqa ölkələrin də bizim daxili işlərimizə qarışmamasını gözləyirik” deyib. Məmmədov mətbuatda əksini iddia edənlərin “əsassız” olduğunu bildirib.

İsraildən silah idxalının normal hal olduğuna diqqət çəkən Azərbaycan səfiri, "Hər bir ölkə öz ərazi bütövlüyünün və vətəndaşlarının suverenliyinin qorunmasına və müdafiəsinə cavabdehdir. Azərbaycan da istisna deyil. İsrail çoxlu sayda silah istehsal edir bə bizim də bu silahların İsraildən almamız normaldır” deyib.

“Haaretz” qəzeti yazıb ki, əgər İsrail İranın nüvə obyektlərinə hücum etmək qərarına gəlsə, Bakı İsrailə kömək etmək üçün hava limanı hazırlayıb və Mossad-a İrana nəzarət etmək üçün Azərbaycanda filial açmağa icazə verib. İsrailin son illərdə 92 uçuşla Azərbaycana milyardlarla dollarlıq silah ixrac etdiyi bildirilən xəbərdə bunun müqabilində İsrailin Azərbaycandan “neft alışı və İrana çıxış” əldə etdiyi qeyd edilib.

Məlumata görə, “Azərbaycan Silk Way” aviaşirkətləri 2016-cı ildən indiyədək “İlyuşin-76” təyyarəsi ilə “mülki yük təyyarələri üçün qeyri-adi istiqamət” olan İsrailin Ovda hava limanına ən azı 92 dəfə eniş edib. Xüsusilə 2016-cı ildə və Qarabağ müharibəsinin baş verdiyi 2020 və 2021-ci illərdə Azərbaycan-Ermənistan arasında 4 günlük müharibə zamanı Bakı-Ovda arasında hava axınının artması diqqət çəkib.

Bildirilib ki, İsrail Bakı administrasiyasına həm kəşfiyyat, həm də hücum məqsədi ilə Tavor avtomatlarından tutmuş radar, hava hücumundan müdafiə, tank əleyhinə raketlər, ballistik raketlər, pilotsuz uçuş aparatları kimi ən müasir sistemlərə qədər geniş çeşiddə silah ixrac edir. İddia olunurdu ki, Azərbaycan da müxaliflərə və jurnalistlərə qarşı istifadə etmək üçün İsraildən “Pegasus” casus proqram təminatı alıb.

Bu dəstəyin müqabilində Azərbaycanın Mossad-a İrana nəzarət etmək üçün irəli şöbə yaratmasına icazə verdiyi iddia edilib və Tel-Əvivlə strateji müttəfiqliyi çərçivəsində İsrailin ən böyük neft tədarükçüsü olduğu vurğulanıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında bildirilir ki, 2011-2020-ci illərdə Azərbaycanın silah idxalının 27 faizi İsrailin payına düşüb. Hesabatda tədarüklərin böyük hissəsinin 2016-2020-ci illərdə həyata keçirildiyi və bu dövrdə Azərbaycanın silah idxalının 69 faizinin İsrailin payına düşdüyü vurğulanıb.