Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin şikayətini təmin etməyib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, mayın 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Anar İbrahimovun sədrliyi ilə Xətai Rayon Məhkəməsinin insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəkillərin vəsatətinin təmin edilməməsi barədə qərarından şikayəti təmin etməyib.

Mayın 19-da Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Hacıyevin ev dustaqlığına buraxılmaması barədə qərar qəbul edib.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib ki, Bəxtiyar Hacıyev məhkəmədə iştirak edib.

“Bəxtiyar Hacıyevin psixoloji durumu çox gərgindir. Uzun müddət aclıq etməsi, aylarla həbsdə saxlanılması, istintaqın uzadılması səhhətində ağır psixoloji izlər buraxıb. Onda panik ataklar yaranıb. Bununla bağlı dərman terapiyasına başlamasına baxmayaraq hələ effekt vermir”.

Vəkilin sözlərinə görə, Hacıyev məhkəmədən istintaqın qərəzli şəkildə uzadılmasına hüquqi qiymət verməsini xahiş edib.

“Hər hansı istintaq hərəkəti aparılmır. Müxtəlif bəhanələrlə qərəzli şəkildə isitintaq müddətini uzadırlar”, vəkil Bəxtiyar Hacıyevə istinadən bildirib.

O, məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət göndəriləcyini deyib.

“Artıq biz Bəxtiyar Hacıyevə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) pozuntusu ilə bağlı şikayət vermişik. Həmin şikayət icraata götürülüb. Yeni şikayətlərimiz də bu icraata əlavə olunacaq”, o qeyd edib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.

Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.