25 beynəlxalq təşkilat həbs edilmiş jurnalistləri və fəalları dərhal azad etməyə çağırıb

25 beynəlxalq hüquq müdafiə təşkilatı, 2 tanınmış şəxs, o cümlədən Amerika Tərəqqi Mərkəzi, Jurnalistləri Müdafiə Komitəsi, FIDH (İnsan Hüquqları uğrunda Beynəlxalq Federasiya), Freedom Now, Henrix Boyl Fondu, İnsan Hüquqları Fondu, Human Rights House, Human Rights Watch, İnsan Hüquqları naminə Beynəlxalq Tərəfdaşlıq, Təbii Resursları İdarəetmə İnstitutu, Norveç Helsinki Komitəsi, PEN America, PEN International, People in need, Sərhədsiz Reportyorlar, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) Azərbaycanda insan hüquqları sahəsində hazırki ağır durumun həllinin gündəliyə gətirilməsi ilə bağlı birgə bəyanatla çıxış edib.

"Biz, aşağıda imzaları olan vətəndaş cəmiyyəti təşkilatları, hərəkatlar, qruplar və ayrı-ayrı şəxslər, BMT-nin 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək İqlim Konfransı (COP29) ərəfəsində Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlərin həll edilməsi zərurətini vurğulayırıq", hüquq müdafiə təşkilatının birgə bəyanatında deyilir.

Sənəddə bildirilir ki, Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini və tənqidi səsləri boğur.

“Belə bir vəziyyətdə COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi ekoloji fəallar, hüquq müdafiəçiləri və jurnalistlər də daxil olmaqla, vətəndaş cəmiyyətinin konfransdan əvvəl, konfrans zamanı və ondan sonra sərbəst və təhlükəsiz fəaliyyət göstərmək imkanları ilə bağlı ciddi narahatlıq doğurur. Hüquq müdafiə qruplarının qiymətləndirmələrinə görə, yüzlərlə insan siyasi motivli ittihamlarla həbsdədir. Həbs dalğası davam edir, onlarla fəal və KİV nümayəndəsi əsassız cinayət ittihamları ilə həbs olunub”, bəyanatda bildirilir.

Hüquq müdafiə təşkilatları qeyd edir ki, təqib olunanlar arasında məşhur alim və Azərbaycanda neft-qaz sahəsində korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan ekspert Qubad İbadoğlu da var.

“Daha bir nümunə məşhur insan hüquqları müdafiəçisi Anar Məmmədlinin işidir. Abzas Media, Toplum TV və Kanal 13 - Azərbaycanda sonuncu müstəqil KİV-lərlə əlaqəsi olan ən azı 18 jurnalist və digər şəxslər ya həbsdədir, ya da əsassız cinayət təqibinə məruz qalır.

Avqustun 21-də hakimiyyət Praqada Karlov Universitetinin aspirantı və çoxsaylı beynəlxalq və regional nəşrlərin, KİV-lərin daimi müəllifi Bəhruz Səmədovu dövlətə xəyanət ittihamı ilə həbs edib.

İyulun 22-də daha bir araşdırmaçı - İqbal Əbilov da uydurma dövlətə xəyanət ittihamı ilə həbs edilib”, sənəddə qeyd edilib.

Bəyanatda bildirilir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Tyurk 2024-cü ilin iyununda BMT-nin İnsan Hüquqları Şurasına müraciətində Azərbaycandakı duruma toxunaraq, "Azərbaycan hakimiyyətini bütün jurnalistlərin və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş digər şəxslərin işlərinə beynəlxalq hüquqa uyğun olaraq yenidən baxmağa" və onları dərhal azad etməyə çağırıb.

“Azərbaycan hökuməti indiyədək bunu və beynəlxalq tərəfdaşlarının çoxsaylı bənzər çağırışlarını eşitməkdən imtina edir. Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Katibliyini və üzv dövlətlərin üzərinə vətəndaş cəmiyyətinin COP29-da iştirakı üçün təhlükəsiz mühiti təmin etmək üçün konkret addımlar atmaq öhdəliyi qoyur. Biz BMT-ni və üzv dövlətləri Azərbaycan hökumətinə, o cümlədən qanunsuz saxlanılmış fəalları və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməklə, insan hüquqları sahəsində öhdəliklərinə riayət etməsi üçün təzyiq göstərməyə çağırırıq. Onlar həmçinin Azərbaycan hakimiyyətini QHT və KİV-lərin fəaliyyətini tənzimləyən qanunlara düzəlişlər də daxil olmaqla, konkret struktur islahatları aparmağa çağırmalıdırlar”, beynəlxalq hüquq müdafiə təşkilatları qeyd edir.

Sənəddə daha sonra deyilir: “Biz Azərbaycan hakimiyyətini

- Siyasi motivlərlə qanunsuz olaraq saxlanılan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal və qeyd-şərtsiz azad etməyə və onlara qarşı saxta ittihamları ləğv etməyə;

- Hökumət tənqidçilərinin və vətəndaş cəmiyyəti üzvlərinin sıxışdırılması vasitəsi kimi cinayət təqibindən istifadəyə son qoymağa;

- Qeyri-hökumət qruplarının və KİV-lərin qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı qanunlara düzəliş etməklə, onları beynəlxalq standartlara və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmaqla, vətəndaş cəmiyyəti üçün əsassız məhdudiyyətləri aradan qaldırmağa çağırırıq”, bəyanatda qeyd edilir.

Sənəd müəllifləri hesab edir ki, BMT-yə üzv dövlətlər və təşkilatın Katibliyi, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupu, həmçinin Azərbaycanda biznes maraqları olan şirkətlər Azərbaycanın müstəqil vətəndaş cəmiyyəti ilə möhkəm həmrəylik nümayiş etdirməlidirlər.

“Bir çox vətəndaş subyektləri böyük şəxsi riskə məruz qalsalar da, insan hüquqları, ölkədə və regionda iqlim ədaləti uğrunda mübarizə aparmaqda davam edirlər", bəyanatda qeyd edilir.

Rəsmi Bakı ölkədə fundamental hüquqların, o cümlədən media azadlığının tam təmin edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir. Bununla yanaşı, hüquq müdafiə təşkilatları üç yüzdən çox insanı siyasi məhbus kimi tanıyıb. Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayraq azad olmayan ölkələr sırasında yer alıb. Azərbaycan bu il qlobal mətbuat azadlığı indeksində isə 13 pillə geriləyərək, 180 ölkə sırasında 164-cü yerdə qərarlaşıb.

Hazırda ölkədə 20-dən çox media əməkdaşı həbsdədir. Hökumət media əməkadşlarının peşə fəaliyyəti ilə bağlı deyil, bir istintaq araşdıması üzrə saxlanıldığını bəyan edib.

 

 

AmerikanınSəsi