Yəməndən İsrailin hücumuna cavab olaraq Təl-Əviv Hava Limanınına zərbə

Yəmən Silahlı Qüvvələrinin Raket Qüvvələri Təl-Əvivdə Ben Gurion Beynəlxalq Hava Limanına ballistik raketlərlə genişmiqyaslı hücum həyata keçirdiyini açıqlayıb.

Ordunun rəsmi bəyanatında bildirilir ki, hücumda biri hipersəs sürətli “Fələstin-2”, digəri isə “Zülfüqar” tipli olmaqla iki ballistik raketdən istifadə olunub. Raketlərdən biri hədəfə birbaşa isabət edib, İsrailin hava hücumundan müdafiə sistemləri isə onu zərərsizləşdirməkdə uğursuz olub.

Yəmən ordusu hücumun “bütün hərbi məqsədlərə çatdığını” bəyan edib. Bildirilib ki, əməliyyat nəticəsində hava limanının fəaliyyəti iflic olub, milyonlarla israilli müvəqqəti olaraq sığınacaqlara çəkilməyə məcbur qalıb. Lod hava limanına aviareyslərin tamamilə dayandırıldığı və bu vəziyyətin davam etdiyi qeyd olunub. Qalan beynəlxalq və yerli aviaşirkətlərə isə bu hava limanına uçuşları dərhal dayandırmaları üçün xəbərdarlıq edilib.

Eyni zamanda, Yəmən Silahlı Qüvvələri İsrailin Hudeyda limanına hücumlarına cavab olaraq Hayfa limanını da “rəsmi hərbi hədəf” elan edib və bütün kommersiya şirkətlərini bu limanla əməkdaşlıqdan çəkinməyə çağırıb.