Tale Bağırzadənin məhkəməsi keçirilib

Həbsxanada məhbusların qəzalı şəraitdə həyatı təhlükə altında olan binalarda cəza çəkmələrinə etiraz edən ilahiyyatçı Hacı Tale Bağırzadə məhkəmə önünə çıxarılıb. Günlərdir karser həyatına məhkum edilən Müsəlman Birliyi Hərəkatının sədrinin məhkəməsi 12 saylı müəsisədə baş tutub.
İyulun 18-də keçirilən məhkəmə ilahiyyatçını daxili qaydaları tez-tez pozmasını səbəb göstərərək onun barəsində 1 il müddətinə ciddi qapalı rejim cəzası çıxarıb. Yaxın günlərdə Tale Bağırzadənin Umbakıdakı ciddi qapalı rejimli müəssisəyə köçürüləcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, 2025-ci il iyunun 1-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı bir məhbus uçqunlar altında qalaraq faciəvi surətdə dünyasını dəyişmişdi. Məsələ ilə bağlı əraziyə baxış keçirən Fövqəladə Hallar Nazirliyi təkcə uçqun baş verən binanın deyil, digər, məhbusların yerləşdirildiyi binaların da təhlükə altında olduğunu və yaşayış üçün yararsız olduğunu bildirsə də hələ də məhbuslar həmən binalarda cəza çəkməyə davam edirlər.