Rza Səfərsoy həbs edilib

ALÖV Partiyasının sədri, Qarabağ müharibəsinin keçmiş iştirakçısı Rza Səfərsoy həbs olunub. Onun barəsində CM-in 228-ci (Qanunsuz olaraq silah..., partlayıcı maddələr... əldə etmə,.. satma) maddəsi ilə cinayət işi qaldırılıb.

Yaxınları R.Səfərsoyun həbsini onun tənqidi çıxışları ilə əlaqələndiriblər. Onların sözlərinə görə, R.Səfərsoy noyabrın 25-də saxlanıb, daha sonra isə Binə qəsəbəsindəki evində axtarış aparılıb: "Heç bir sənədləşmə aparılmadan Rza bəyə məxsus kompüter, mobil telefon götürülüb. Daha sonra özü Xəzər rayon Polis İdarəsinə aparılıb".

"Turan"ın xəbərinə görə, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev R.Səfərsoya qarşı qeyd olunan maddə ilə cinayət işi açıldığını təsdiqləyib.

Xatırlatma

R.Səfərsoy 2018-ci ildə Facebook səhifəsində bəzi statuslarına görə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə açıq çağırışlar etmə və ya bu məzmunlu materiallar yayma) maddələri ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmişdi. O, hökmdən apellyasiya şikayəti verərək bəraət istəmişdi. 2019-cu il fevralın 11-də şikayət qismən təmin olunub, R.Səfərsoyun cəzası 2 ildən 7 ay 2 günə endirilib. O, həmin gün cəza müddəti tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılmışdı. R.Səfərsoy ittihamı qəbul etmirdi.

ALÖV Partiyası dövlət qeydiyyatına alınmayıb.

 

Azadlıq Radiosu