“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü, siyasətçi Ruslan İzzətlinin səhhətində ciddi problemlər yaranıb.
Bu barədə onun həyat yoldaşı Günel Manaflı dekabrıın 7-də məlumat yayıb.
Onun sözlərinə görə, şənbə günü baş tutan görüş zamanı İzzətlinin səhhətindəki narahatlıqların kəskinləşdiyi müşahidə edilib.
“O, yüksək təzyiq, baş ağrısı və öd kisəsi ilə bağlı davamlı ağrılardan əziyyət çəkir. Təzyiqi yalnız gündəlik dərman qəbulu ilə normada saxlana bilir”, - siyasətçinin həyat yoldaşı bildirib.
G.Manaflı bildirib ki, Ruslan İzzətlinin öd nahiyəsində güclü ağrılar təxminən 10 gündür başlayıb və o, hər gün ağrıkəsici qəbul etmək məcburiyyətində qalır: “Son günlər həkim müayinəsi və ultrasəs yoxlaması aparılıb. Həkim ödünün müalicəyə tabe olmadığını əməliyyatla götürülməli olduğunu bildirib. Həbsxana şəraitində isə bu mümkün deyil. Ödü və təyziqi onun həyatı üçün təhlükə yaradır”.
O, öd kisəsinin yaratdığı risklərin ciddi olduğunu, kəskinləşmə baş verərsə qan zəhərlənməsi təhlükəsinin yarana biləcəyini bildirib: “Bu da Ruslan İzzətlinin həyatı bahasına başa gələ bilər. Bu artıq həyəcan siqnalıdır! Amma təbii ki, buna məhəl qoyan yoxdur. Bu hakimiyyət üçün bir siyasətçinin həyatı qədər ucuz heçnə yoxdur! Ruslan İzzətlinin başına bir iş gələrsə, bunun məsuliyyətini birbaşa bu hakimiyyət daşıyır!”, - deyə o vurğulayıb.
Ruslan İzzətlinin səhhətində ciddi problemlər yaranıb, əməliyyata ehtiyacı var