Ənsarullah Colani rejiminin İsrail nümayəndəliyi ilə görüşünə sərt reaksiya verib

Ənsarullah Şeybaninin İsrail nümayəndə heyəti ilə görüşünü kəskin şəkildə pisləyərək bunun, Suriya xalqının fədakarlığına alçaq bir xəyanət adlandırıb.

Yəmən Ənsarullah Hərəkatının Siyasi Bürosu Suriyanın xarici işlər naziri Əsəd Şeybaninin Parisdə İsrail nümayəndə heyəti ilə görüşünü kəskin şəkildə pisləyib və bu hərəkətin “Suriya xalqının fədakarlıqları və hüquqlarına açıq-aşkar xəyanət” olduğunu vurğulayıb.

“Suriyada hakimiyyətdə olan silahlı qrupun Parisdə sionist düşmənlə birbaşa görüş keçirməsini qətiyyətlə pisləyirik.

Bu görüşün qatil Netanyahunun Qəzzanın işğalı istiqamətində yeni addımlar atdığı, düşmənin Məscidül-Əqsaya basqınlarını davam etdirdiyi, müqəddəs yerləri təhqir etdiyi, “Böyük İsrail layihəsi”ni elan etdiyi bir vaxtda baş tutması sadəcə utancdır.

İsrailin Suriyaya qarşı təcavüzkar əməliyyatları davam edərkən, Dəməşqin yeni hökmdarları sionist düşmənlə açıq normallaşmaya çalışırlar.

Suriyanın yeni hökmdarlarının düşmən İsraillə açıq şəkildə normallaşması Suriya xalqının fədakarlıqlarına və hüquqlarına həyasızcasına xəyanətdir.

Bir daha məlum oldu ki, Suriyadakı silahlı qruplaşmalar sadəcə olaraq xarici qüvvələrin əmri ilə fəaliyyət göstərən alətlərdir və bu vəziyyət sionist layihəsinin xidmətinə verilir.”

Bu çərçivədə Ənsarullah Hərəkatı bir daha İsrail işğalı ilə normallaşma istiqamətində atılan bütün addımları pisləyib və vurğulayıb: "Bu tələsik dini və əxlaqi xəyanət axtarışından əl çəkmək lazımdır. Bu addımlar vətənlər, haqqlar, qurbanlar və ərəb xalqlarının şəhidlərinin qanı bahasına atılır.

Suriya həmişə zalıma boyun əyməyən ölkə olub və belə də qalmalıdır. Düşmənin genişlənmə layihəsindən xilas ola biləcəklərini düşünənlər yanılırlar; əldə edəcəkləri tək şey puç xəyal və boşa çıxan səylərdir".

Bu bəyanat Fransanın paytaxtı Parisdə Suriyanın xarici işlər naziri Əsəd Əl-Şabani ilə İsrail nümayəndə heyəti arasında keçirilən görüşdən sonra verilib. SANA xəbər agentliyinin məlumatına görə, görüşdə gərginliyin azaldılması, Suriyanın daxili işlərinə qarışmamaq, regionda sabitliyin dəstəklənməsi üçün razılıqların əldə edilməsi, Sveyda əyalətində atəşkəs rejiminin monitorinqi və 1974-cü il müqaviləsinin bərpası məsələləri müzakirə olunub.