Ramil Babayev: “Umbakının rəisi işgəncələrin araşdırılması əvəzinə mükafatlandırıldı”

“Toplum TV işi” üzrə 13 il azadlıqdan məhrum edilən, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev onun və digər siyasi məhbusların məruz qaldığını bildirdiyi işgəncələrin araşdırılması tələbinə yeni təzyiqlərlə cavab verildiyini deyir.

“Toplum TV” Ramil Babayevin yazısını olduğu kimi təqdim edir.

“Mən avqust ayının sonunda ədliyyə naziri Fərid Əhmədova açıq məktub yazaraq məruz qaldığım işgəncələrin araşdırılmasını tələb etmişdim. Bunun ardınca Umbakı Penitensiar Müəssisəsinin rəhbərliyində araşdırma aparılması üçün bir ay gözləyəcəyimi bildirdim. Lakin hüquqi dövlətdə baş verməli olan olmadı. Əksinə, banan respublikası qaydaları ilə bir ayın tamamında, 21.09.2026 tarixində Umbakı Penitensiar Müəssisəsinin rəisi Rəşad Yusifov mükafatlandırıldı. Onun vəzifəsi “rəis əvəzi” (rəis vəzifələrini müvəqqəti icra edən) idi. Lakin qeyd etdiyim tarixdə rəisliyə rəsmi təyinatla təsdiqləndi. Mən buna etiraz olaraq sivil itaətsizlik aksiyası başlatdım. Aksiya çərçivəsində sıra yoxlanışında iştirakdan, müəssisə rəisinin qəbulundan, telefon danışığından, ailə görüşündən, vəkillə görüşdən və məhkəmədə iştirakdan imtina etdiyimi məsul şəxslərə çatdırdım. Rəşad Yusifov qərarvermə səlahiyyətinə malik olmadığını etiraf etdiyi üçün mən suallarımı ünvanlamaq məqsədilə Penitensiar Xidmətin əməliyyat rəisi “ət maşını” Fikrət Qafarovla görüş tələb etdim və bunun üçün bir həftə gözləyəcəyimi bildirdim.

Qafarov müraciətimə məhəl qoymadığına görə 28.09.2026-cı il tarixində ağzımı saplarla tikərək bu dəfə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovla görüş tələb etdim. Növbəti gün Mirsaleh Seyidovla görüşdürüləcəyim vəd olundu və məndən tələbimi ifadə edən yazılı ərizə alındı, bundan sonra ağzımdakı tikişləri açdım. Lakin gözləndiyi kimi, Seyidov da Qafarovdan fərqlənmədi və özündə suallarımla üzləşmək cəsarəti tapmadı.

05.10.2026-cı il tarixində hakim Zəfər Əhmədovun təkidi nəticəsində məni zorakılıqla (başımda zərbələrin izi və arxasından sıx vurulan qandalın kəsikləri hələ də yara kimi qalıb) sürüyərək məhkəməyə aparan bu işgəncə aparatının Rəşad Yusifov çarxı kəskin müqavimətimə cavab kimi barəmdə “krıtı” (qapalı rejim) rejimi qərarı verildiyini, həbs müddətimin sonuna kimi qapalı rejimdə onun nəzarəti altında qalacağımı və buna görə onunla yaxşı yola getməli olduğumu dedi.

Nəticə etibarilə siyasi məhbuslara qarşı işgəncələrin araşdırılması tələbinə yenə işgəncə ilə cavab verildi. Baş verənlərdə təəccüblü heç nə yoxdur. Mən də bunun əksini gözləyəcək qədər sadəlövh deyildim. Bu, İlham Əliyev dövrü Azərbaycanında işgəncələrin mükafatlandırılmasının ilk nümunəsi deyil. 2003-cü il hadisələrindəki işgəncələrin təşkilatçılarından biri olan Vilayət Eyvazovu daxili işlər naziri təyin edən rejim öz mahiyyətinə uyğun davranaraq ədliyyə sistemində işgəncələri mükafatlandırmalı idi. Çünki qorxu üzərində qurulan sistemin başqa alternativi yoxdur. “Əməlisaleh” Seyidovun və “yeni nəsil nazir” Əhmədovun ötən aylarda “işgəncə çempionu” Cavid Güləliyevin müvəqqəti “rəis əvəzi” təyin olunmasına xeyir-dua verməsi nümunəsi də qarşımızdadır. Nəticədə bu işgəncələr ölkəsində işgəncələr də, bizim onlara müqavimətimiz də davam edəcək”.