Avropa Şurasının Nazirlər Komitəsi: “Azərbaycanda hökumət tənqidçilərinin həbsi ilə bağlı AİHM qərarları icra olunmur”

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanda hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları və jurnalistlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası məsələsini yenidən müzakirə edib. Komitə bildirib ki, bu işlər üzrə hələ də irəliləyiş yoxdur və Azərbaycan hakimiyyəti həmin qərarları tam şəkildə icra etməlidir.

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanda bir qrup hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti fəalı və araşdırmaçı jurnalistlə bağlı AİHM qərarlarının icrasını müzakirə edib. Bu şəxslər 2013–2016-cı illərdə həbs olunublar.

Avropa Məhkəməsi həmin həbslərin cinayət qanunvericiliyindən sui-istifadə yolu ilə həyata keçirildiyini və onların fəaliyyətlərinə görə cəzalandırılmaq və susdurulmaq məqsədi daşıdığını müəyyən edib. Qeyd olunur ki, bütün ərizəçilər məhkəmə qərarları çıxarılmamışdan əvvəl azadlığa buraxılmışdılar.

Bu qrupa Anar Məmmədli işi; İntiqam Əliyev işi; Qiyas İbrahimov və Bayram Məmmədov işi; Xədicə İsmayılova işi; Leyla Yunus və Arif Yunus işi üzrə qərarlar daxildir.

AİHM qərarlarında göstərib ki, ərizəçilərin hər biri əsassız şəkildə həbs edilib və onların cinayət törətdiyinə dair əsaslı şübhə mövcud olmayıb. Məhkəmə həmçinin müəyyən edib ki, yerli məhkəmələr onların saxlanmasının qanuniliyini real şəkildə araşdırmayıblar. Qərarlarda qeyd olunub ki, cinayət təqiblərinin əsas məqsədi bu şəxslərin fəaliyyətinə görə cəzalandırılması və gələcək fəaliyyətlərinin qarşısının alınması olub.

Məhkəmə bəzi qərarlarda vurğulayıb ki, bu hadisələr ayrı-ayrı hallar kimi qiymətləndirilə bilməz. Onlar hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçilərinin əsassız həbsi və saxlanması ilə bağlı narahatedici bir tendensiyanı göstərir.

Qərarların icrası ilə bağlı vəziyyət

Nazirlər Komitəsinin məlumatına görə, Azərbaycan hökuməti bu işlərin icrası ilə bağlı son məlumatı 2024-cü ilin aprelində təqdim edib. Bundan sonra yeni məlumat verilməyib. Komitə 2025-ci ilin dekabrında hakimiyyətin uzun müddətdir bu məsələ ilə bağlı səssiz qalmasını və irəliləyişin olmamasını təəssüflə qeyd edib.

Komitə bildirib ki, AİHM qərarlarına uyğun olaraq ərizəçilərə qarşı çıxarılmış bütün məhkumluq hökmləri ləğv edilməlidir. Həmin hökmlər onların cinayət qeydiyyatından silinməli və cinayət təqiblərinin bütün mənfi nəticələri aradan qaldırılmalıdır. Bu şəxslərin mülki və siyasi hüquqları da tam bərpa olunmalıdır.

Nazirlər Komitəsi vurğulayıb ki, pozulmuş hüquqların tam bərpası üçün bu addımlar zəruridir.

Bəzi işlərdə qərarlar dəyişdirilib

2020–2022-ci illərdə Nazirlər Komitəsinin qərarlarından sonra Azərbaycan Ali Məhkəməsi bu qrup işlərdən bəzilərinə yenidən baxıb. Həmin baxışlar nəticəsində İlqar Məmmədov, Rəsul Cəfərov, Natiq Cəfərov və bəzi digər şəxslərin məhkumluq hökmləri ləğv edilib. Bu səbəbdən həmin işlər üzrə Nazirlər Komitəsinin nəzarəti dayandırılıb.

Lakin qalan işlər üzrə oxşar addımlar atılmayıb. Bu işlər hələ də Ali Məhkəmədə baxılmamış qalır və Komitə həmin qərarların icra olunmasını tələb etməyə davam edir. Qeyd olunur ki, bu işlər 2019-cu ildən Ali Məhkəmədə baxılmaqdadır.

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini Avropa Şurasının Katibliyi ilə dialoqu bərpa etməyə çağırıb. Komitə hesab edir ki, bu işlər üzrə fərdi və ümumi tədbirlərin həyata keçirilməsi üçün hakimiyyət bu prosesi gecikdirməməlidir.

Qərarda üzv dövlətlərə də çağırış edilib. Onlardan Azərbaycanla yüksək səviyyəli təmaslarında bu məsələni qaldırmaq xahiş olunub. Eyni çağırış müşahidəçi dövlətlərə və beynəlxalq təşkilatlara da ünvanlanıb.

Nazirlər Komitəsi qeyd edib ki, əgər yaxın vaxtlarda bu işlər üzrə real irəliləyiş əldə olunmasa, 2026-cı ilin növbəti iclasında yeni aralıq qətnamə qəbul oluna bilər.

Nazirlər Komitəsi qeyd edib ki, AİHM qərarlarının icrası yalnız konkret işlərlə məhdudlaşmamalıdır. Bu qərarlar gələcəkdə oxşar halların baş verməsinin qarşısını almağa xidmət etməlidir.

Komitə bildirib ki, hökumət tənqidçilərinə qarşı cinayət qanunvericiliyindən sui-istifadə hallarının qarşısını alan güclü məhkəmə praktikası formalaşdırılmalıdır. Hakimiyyət həmçinin göstərməlidir ki, hökumət tənqidçilərinin əsassız həbsi və saxlanması ilə bağlı müəyyən edilmiş tendensiya aradan qaldırılır.

Komitə məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi istiqamətində aparılan qanunvericilik dəyişikliklərini qeyd etsə də, bu dəyişikliklərin real nəticələrinin praktikada görünməsinin vacibliyini vurğulayıb. Ayrıca məhkəmə işlərinə yenidən baxılması mexanizminin Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılması zəruri hesab edilib.

Nazirlər Komitəsi vurğulayıb ki, qanunun aliliyinə əsaslanan dövlətdə hökumət tənqidçilərinə qarşı cinayət təqiblərindən istifadə edilməsi qəbuledilməzdir.