"Müsəlmanların dəyərlərinə hörmətlə yanaşılamlıdır"

"Müsəlman vətəndaşlarımızın mövqeyinə, dəyərlərinə və həssaslıqlarına hörmətlə yanaşmaq hər kəsin mənəvi borcudur".

Bu sözləri Gürcüstan Parlamentin üzvü Savalan Mirzəyev sosial şəbəkə hesabında yazıb.

O son vaxtlar Gürcüstanın müsəlman vətəndaşlarına qarşı müxalifət nümayəndələri tərəfindən səslənən fikirlərə kəskin reaksiya verərəl çağırış edib ki, inanclı müsəlman vətəndaşların dəyərlərinə hörmətlə yanaşılmalıdır.

"Son zamanlar inanclı həmyerlilərimizə qarşı radikal müxalifət nümayəndələri tərəfindən səsləndirilən fikirlər qəbuledilməzdir.

Bu günlərdə ölkəmizin müsəlman icmasının şərəfinə təşkil olunmuş iftar məclisində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin də vurğuladığı kimi, 'Müasir və güclü Gürcüstan dövlətinin qurulması prosesində müsəlman icmasının rolu böyükdür'.

Son dövrlərdə inanclı soydaşlarımıza qarşı səsləndirilən əsassız fikirlər və iddialar cəmiyyətdə süni gərginlik yaratmağa xidmət edir. Gürcüstan dövləti bütün vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına, ölkədə sabitliyin və ictimai təhlükəsizliyin təmin olunmasına qətiyyətlə sadiqdir.

Siyasi məqsədlərlə cəmiyyətin müxtəlif təbəqələrini qarşı-qarşıya qoymağa cəhd göstərilməsi, xüsusilə etnik və dini zəmində həssas mövzuların manipulyasiya edilməsi qəbuledilməzdir. Bu cür ritorika ölkənin milli maraqlarına və ictimai birliyinə ciddi zərər vurur.

Millətini yaxından tanıyan bir şəxs kimi xüsusi olaraq qeyd etmək istəyirəm ki, Kvemo Kartlidə yaşayan müsəlman həmyerlilərimiz Gürcüstanın ən sadiq vətəndaşlarıdır. Onlar ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə dünən olduğu kimi, sabah da gözlərini qırpmadan fədakarlıq göstərməyə hazırdırlar.

Odur ki, inanclı müsəlman vətəndaşlarımızın mövqeyinə, dəyərlərinə və həssaslıqlarına hörmətlə yanaşmaq hər kəsin mənəvi borcudur" , - deyə Savalan Mirzəyev qeyd edib.