Tofiq Yaqublu müayinə edilib

Milli Şura Koordinasiya Mərkəzinin həbsdə olan üzvü Tofiq Yaqublunu martın 9-10-da həkimlər müayinə edib.

Bununla bağlı T.Yaqublu ilə görüşən vəkil Nemət Kərimliyə istinadən siyasətçinin qızı Nigar Həzi məlumat yayıb: "Müayinə zamanı onun 15 gün içində 10 kq çəki itirdiyi, təzyiqinin isə aşağı - 60/90 olduğu bəlli olub. Vəkil də görüş zamanı Tofiq Yaqublunun xeyli çəki itirdiyinin, səsinin zəiflədiyinin, rənginin tutqunlaşdığının şahidi olub".

N.Həzi vurğulayıb ki, T.Yaqublunun həyatına görə Əliyev hakimiyyəti məsuliyyət daşıyır.

Bu açıqlamaya Penitensiar Xidmət və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

T.Yaqublu 2023-cü il dekabrın 14-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il həbs cəzası kəsilib. Siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələriylə təqsirli bilinib.

Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

T.Yaqublu özünü təqsirli bilmir və qurama ittihamla şərlənərək həbs olunduğunu bildirir.

Siyasi fəal daha öncə də dəfələrlə uzun müddət həbsdə olub.

Yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etməyərək deyirlər ki, adları siyasi məhbus siyahılarında yer alan şəxslər törətdikləri əmələ görə mühakimə olunublar.