Polad Aslanov Ombudsman Aparatı nümayəndəliyi ilə görüşdən imtina edib

Martın 5-də Ombudsman Aparatının nümayəndələri 15 saylı Ciddi Rejimli Cəzaçəkmə Müəssisəsində olub. Aparat nümayəndələri görüş çərçivəsində jurnalist, siyasi məhbus Polad Aslanovla görüşmək istəyiblər. Lakin Polad Aslanov görüşdən imtina edib.

Jurnalistin həyat yoldaşı Gülmira Aslanova Qazetçiyə açıqlamasında bildirib ki, Ombudsman Aparatının siyasi məhbuslara etinasız münasibətinə görə Polad Aslanov görüşdən imtina edib: “Polad Aslanov onlara bildirib ki, üzləşdiyi qanunsuzluqlara görə 20 gündən artıq aclıq aksiyası keçirib. Hüquqlarım pozulanda həyat yoldaşım dəfələrlə sizə müraciət edib, siz müraciətlərə etinasız yanaşmısız, şikayətləri araşdırmamısız”.

Xatırladaq ki, Polad Aslanov 2019-cu ilin iyununda saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 16 il azadlıqdan məhrum edilib. Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb. Aslanov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Polad Aslanovu siyasi məhbus kimi tanıyır.