İran və ABŞ-İsrail oxu arasında tarixi qarşıdurma: İlk geri çəkilən kim olacaq?

Raketlər, döyüş gəmiləri və qırmızı xətlər bir-bir yerləşdirilib. Vaşinqton, Tehran və Təl-Əviv tarixi qarşıdurmada üz-üzə dayanıblar. Bəs hansı tərəf ilk geri çəkiləcək?

"Middle East Monitor" qəzeti İsrailin Baş naziri Binyamin Netanyahunun ötən həftə Vaşinqtona səfərinin sadəcə diplomatik təmasdan daha çox olduğunu yazıb. Səfərin məqsədi aydın idi: ABŞ prezidenti Donald Trampı İrana təzyiqi artırmağa inandırmaq.

Netanyahunun tələbləri aydın və güzəştsiz idi. O, İrandan nüvə proqramından tamamilə imtina etməsini, raket istehsalı müəssisələrini sökməsini və hipersəs raketlərinin sayını və mənzilini məhdudlaşdırmasını tələb edib. İsrailə görə, İranın raket imkanları "mövcudluq təhlükəsi" təşkil edir.

Trampın cavabı da bu tələblər qədər aydın idi. İsrailin 12-ci Kanal televiziyasına danışan Tramp deyib: "Ya razılığa gələcəyik, ya da çox sərt tədbirlər görməli olacağıq". Bu bəyanat güc nümayişi kimi və ABŞ prezidentinin özünü çətin vəziyyətə saldığı şərh edildi. İran bu bəyanatı cavabsız qoymadı. Tehran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılmasının nəzərdən keçirilə biləcəyini bildirdi, lakin raket proqramı ilə bağlı "qırmızı xətt" elan etdi.

Omandakı danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ballistik raket proqramının "heç vaxt danışıqlar mövzusu olmayacağını" vurğuladı. ABŞ dövlət katibi Marko Rubio mənalı bir nəticə üçün ballistik raketlərin mənzili, "terror təşkilatlarına dəstək" və İran rejiminin öz xalqına münasibətinin də danışıqlara daxil edilməli olduğunu söylədi.

Pentaqonun bölgəyə ikinci təyyarədaşıyan gəmisi olan USS Gerald Fordu yerləşdirməsi gərginliyi daha da artırdı. Analitiklər bu addımın İranı çəkindirmək üçün strateji güc nümayişi, yoxsa mümkün hücuma taktiki hazırlıq olub-olmadığı sualına cavab tapmağa çalışırlar. Yerləşdirmə qərarı Trampın Netanyahu ilə görüşündən sonra elan edildi. Tramp artan hərbi mövcudluğa baxmayaraq diplomatik həll yolu axtarmağa sadiq olduğunu bir daha təkrarladı.

RAND Korporasiyası və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) mütəxəssisləri qeyd edirlər ki, təyyarədaşıyan gəmilərin yerləşdirilməsi çox vaxt güc nümayişi olsa da, səhv hesablamalar real münaqişəyə səbəb ola bilər.

 

Strateji çıxılmazlıq

Bütün bu inkişaflar vacib bir sual doğurur: Tərəflər strateji çıxılmaz vəziyyətə düşüblərmi?

Trampın beş sərt tələbi İran tərəfindən rədd edildi. Tehran uranın zənginləşdirilməsi ilə bağlı çeviklik siqnalı versə də, raket proqramı ilə bağlı danışıqlara qapını bağladı. Netanyahu İran raketlərinin məhdudlaşdırılmalı olduğuna israr edir.

Hazırkı vəziyyətdə əsl sual budur ki, kim ilk geri çəkiləcək. Tramp müharibə istəmir; onun seçici bazası "sonsuz müharibələrdən" bezib. Lakin o, geri çəkilməklə zəif görünməyə imkan verə bilməz. Digər tərəfdən, İran raket imkanlarını özünün çəkindirmə strategiyasının əsas dayağı kimi görür.

Beynəlxalq Böhran Qrupundan Əli Vaezin dediyi kimi, "Tehran üçün raketlər sövdələşmə vasitəsi deyil, yaşamaq vasitəsidir."

Bu qarşıdurma yüksək riskli bir qumardır; güc və iradənin həlledici sınağıdır. İran nüvə məsələsi ilə bağlı danışıqlara açıq olduğunu bildirsə də, raket inkişafını danışıqlardan kənar qırmızı xətt kimi müəyyən edir.

İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Əli Şamxani də İslam İnqilabının 47-ci ildönümü qeyd etmələrində Tehranın mövqeyini açıq şəkildə ifadə edərək dedi: "İslam Respublikasının raket imkanları danışıqlar üçün deyil. İrana görə, onun raket gücü hərbi cəhətdən üstün rəqiblərə qarşı qalxan rolunu oynayır.”

Lakin Netanyahu raket məsələsinin müqaviləyə daxil edilməli olduğunu iddia edir. Vaşinqtona səfərindən əvvəl verdiyi açıqlamada o, təkcə nüvə proqramını deyil, həm də ballistik raketləri və İranın bölgədəki proksi qüvvələrini əhatə edən bir müqavilə istədiyini söylədi.

Stimson Mərkəzinin direktoru Barbara Slavin Netanyahunun Vaşinqtona İranı İsrail üçün ölümcül bir təhdid kimi görməsindən irəli gələn "maksimum tələblərlə" getdiyini bildirdi.

 

İsrail və ABŞ amili

Tramp bir dilemma ilə üzləşir. O, müharibə istəmir, eyni zamanda zəif görünmək də istəmir. Netanyahu ilə görüşündən sonra paylaşımında o, "Qəti nəticə olmadı, amma İranla razılaşma ehtimalını qiymətləndirmək üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğuladım" dedi. Tramp bunun prioritet olacağını, əks halda "gözləyib görəcəyimizi" bildirdi.

Daxili siyasət də bu tənlikdə əhəmiyyətli rol oynayır. İsrail lobbisi Trampa təzyiqi artırsa da, MAGA hərəkatı yeni Yaxın Şərq müharibəsinə maraq göstərməyə bilər. Sağçı mediada nüfuzlu fiqur olan Taker Karlson, İranla müharibənin "Amerika Birinci" deyən milyonlarla seçici üçün təhqir olacağını iddia etdi.

Tramp açıq bir seçim qarşısındadır: İsrail lobbisi ilə müttəfiqliyini qorumaq, yoxsa müharibəni "dərin dövlət" tərəfindən ona məcbur edilən manevr kimi təqdim edərək populist bazasına müraciət etmək.

Körfəzdə müharibə ehtimalı müzakirə olunarkən, əsl mübarizə Vaşinqtonun güc dəhlizlərində gedir.

 

"Qızıl körpü" axtarışı

Bu məqamda Sun Tzunun sözləri xatırlanır: "Düşməninizə geri çəkilə bilməsi üçün qızıl körpü tikin." Həm Tramp, həm də İran rəhbərliyi çətin vəziyyətdədir. Heç biri geri çəkilmək istəmir, amma onlar həm də hadisələrin hazırkı gedişatının fəlakətlə bitə biləcəyini bilirlər. Həll yolu tərəflərə müharibəyə getmədən sifətlərini xilas etməyə imkan verən kompromis formulu tapmaq ola bilər. Uran zənginləşdirilməsi və regional raket imkanlarını məhdudlaşdırmaq üçün yeni bir razılaşma bu "qızıl körpü" ola bilər.

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi BBC-yə verdiyi müsahibədə deyib: "Top ABŞ-ın meydanındadır; onlar razılaşma istədiklərini sübut etməlidirlər." O bildirib ki, ABŞ sanksiyaların qaldırılmasını müzakirəyə çıxarsa, İran nüvə sazişi üçün güzəştə gedə bilər.

 

Gərgin gözləmə

Xarici İşlər Naziri Abbas Arakçi İran və ABŞ arasında danışıqların ikinci mərhələsi üçün Cenevrəyə yola düşüb. Dünya nəticəni gözləyir. Netanyahu, Tramp və İranın dini lideri riskli bir şahmat hərəkəti ilə məşğuldurlar. Hər biri öz qırmızı xətlərini çəkib və geri çəkilməmək üçün təzyiq altında olan bir bazaya hesabat verirlər.

Lakin tarix göstərir ki, "uçurum siyasəti" çox vaxt qələbədən daha çox faciə ilə nəticələnir.

Gərgin bir ay qarşıdadır. Təyyarə gəmiləri körfəzə doğru gedir, diplomatlar paytaxtlar arasında səyahət edir və lobbiçilər Vaşinqtonun dəhlizlərində pıçıldaşırlar. Dünya ilk geri çəkilməni və ya müharibənin ilk qığılcımını gözləyir.

Tramp istəmədiyi müharibəyə sürüklənəcəkmi? İran ABŞ-ın hücum etməyəcəyini səhv hesablayacaqmı? Netanyahunun təzyiq strategiyası uğurlu olacaqmı, yoxsa ABŞ-ın əl-qolunu bağlayıb regionu dəyişdirə biləcək müharibəyə qapı açacaqmı?

Hələlik region gözləyir; ya ilk geri çəkilməni, ya da ilk qığılcımı görmək üçün.

 

 

Middle East Monitor