Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm fevralın 17-də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi, hakimlər Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə keçirilən iclasda elan olunub.
Məhkəmə Vardanyanı Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, eləcə də digər ağır maddələri üzrə təqsirli bilib. Dövlət ittihamçısı daha əvvəl onun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.
Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də saxlanılıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, o, Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən tutulub.
Bundan əvvəl fevralın 5-də Bakı Hərbi Məhkəməsində tanınmayan “Dağlıq Qarabağ respublikası”nın keçmiş rəhbərləri və digər təqsirləndirilən şəxslərə də hökm oxunub.
Hökmə əsasən, "Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti" Araik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Müdafiə nazirinin birinci müavini" Davit Manukyan, "parlament sədri" Davit İşxanyan, "keçmiş müdafiə naziri" Levon Mnatsakanyan və "keçmiş xarici işlər naziri" Davit Babayan da ömürlük həbs cəzası alıblar.
"Keçmiş prezident"lər Arkadi Qukasyan və Bako Saakyana 20 il həbs cəzası verilib.
Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurqen Stepanyan və Erik Qazaryan da 15 il azadlıqdan məhrum ediliblər. Qərarda hökm çıxarılanadək Babayanın 65 yaşına çatdığının nəzərə alındığı bildirilib.
Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib