Avropa İttifaqı (Aİ) ölkələri yanvarın 26-da Brüsseldə Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyiblər.
Qanuna əsasən, Aİ bu ilin sonuna qədər Rusiyadan mayeləşdirilmiş təbii qaz, 2027-ci il sentyabrın 30-na qədər isə boru xətti vasitəsilə təbii qaz idxalını dayandıracaq.
Aİ ölkələrindən təkcə Macarıstan və Slovakiya qanunun əleyhinə səs verib.
Macarıstan məsələni Avropa Ədalət Məhkəməsində qaldıracağını bildirib.
Rusiya 2022-ci ildə başlatdığı Ukrayna müharibəsinə qədər Aİ-nin qaz tədarükünün 40%-dən çoxunu təmin edirdi. 2025-ci ildə bu pay təxminən 13%-ə düşüb.
Aİ-nin Rusiya qazından asılılığını azaltması fonunda Azərbaycanın qaz ixrac etdiyi Aİ ölkələrinin sayı artıb. Bu ilin yanvarından etibarən Azərbaycan qazını alan Aİ ölkələrinin sayı 10-a çatıb.
Azərbaycan hökumətinin tənqidçiləri isə Azərbaycanın Avropaya boru vasitəsilə Rusiya qazı da satdığı, bununla Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyini iddia edir.
Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyiblər