"Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı "Meydan TV işi" üzrə həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün kampaniya başladıb.
Kampaniya çərçivəsində ictimaiyyətdən Azərbaycan prezidenti İlham Əliyevə jurnalistlərin azadlığa buraxılması üçün müraciət ünvanlamaq istənilir.
Təşkilatın hazırladığı şablon müraciət mətnində iş üzrə 12 nəfərin həbs olunduğu, onlardan ən az 3-ünün jsə təcili şəkildə tibbi qayğıya ehtiyacı olduğu qeyd olunur.
"Jurnalistlərə qarşı aparılan cinayət təqibi siyasi motivlidir və hökumətin müstəqil mediaya qarşı davam edən basqılarının bir hissəsidir. Mən sizi onların özbaşına saxlanılmasına və təqibinə dərhal son qoyulmasına kömək etməyə çağırıram və tələb olunan tibbi yardımdan məhrum edilən, vəziyyəti pisləşən ən azı üç nəfərin səhhəti ilə bağlı dərin narahatlığımı bildirirəm. Adekvat tibbi yardımın göstərilməməsi və bu 12 jurnalistin saxlanıldığı şərait, o cümlədən kameraların həddindən artıq dolu olması, cinsi qısnama və təhdidlər, eləcə də psixoloji təzyiqlər, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilə bilər və Azərbaycanın insan hüquqları üzrə öhdəliklərinə ziddir", - müraciətdə yazılıb.
Təşkilat təcili tibbi qayğıya ehtiyacı olan şəxslərin "Meydan TV" baş redaktoru Aynur Elgünəş, jurnalistlər Şəmşad Ağa və Ülviyyə Əli olduğunu vurğulayıb.
"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.
"Amnesty International" "Meydan TV işi" üzrə həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün kampaniya başladıb