Müddətsiz aclıq aksiyasına başlayan jurnalist Nurlan Libre ictimaiyyətə məktub ünvanlayıb

”Meydan TV işi”ndə həbs edilən jurnalist Nurlan Libre (Qəhrəmanlı) müddətsiz aclıq aksiyasına başladığını bildirib. Artıq 4 gündür ki, aksiyaya davam edən jurnalist ictimaiyyətə məktub ünvanlayıb:
Keçən məhkəmədə qolumu kəsəndən sonra təcridxanada iki gün “kars”a salındım. Adi gigiyenik şəraiti olmayan bir yerdə saxlandım. Başıma gələnlərlə bağlı məhkəməyə müraciət üçün iki səhifəlik vəsatət yazmışdım. Vəkillə görüşə gedəndə əlimdən aldılar. Şikayətimi əlimdən almaq müdafiə hüququmun pozuntusudur.
Azərbaycan hökuməti Avropa Parlamentinin sonuncu qətnaməsini icra etməli və dərhal Meydan TV, Abzas Media və Toplum TV-nin müxbirlərini sərbəst buraxmalıdır. Qətnamənin icrası tələbi ilə 16 yanvar tarixindən müddətsiz aclıq aksiyasına başlayıram.
Dövlət murdar əllərini müstəqil jurnalistlərin və redaksiyaların üzərindən çəkməlidir. Mən aclıq aksiyasına öz azadlığıma nail olmaq üçün başlamıram. Həmkarlarımın həbsdə olduğu ölkədə mənim azadlıqda qalmağımın heç bir mənası yoxdur.
Meydan TV yarandığı ilk gündən prezidentin və onun yaxın ətrafının korrupsiya cinayətlərindən, insan haqları pozuntularından, seçki saxtakarlığından və Əliyevi narahat edəcək onlarla mövzudan silsilə reportajlar hazırladığına görə hökumətin hədəfində olub, əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulub, saytı ölkədə bloklanıb, sosial media hesabları hücuma məruz qalıb. Elə təkcə bu faktlar belə hazırda kanalın əməkdaşlarına qarşı açılmış cinayət işinin qurama əsaslara söykəndiyini sübut edir.
Müstəqil mətbuatın tarixi bu ölkənin tarixindən qədimdir. İndiyə kimi diktatorlar, xunta rejimlər, transmilli cinayətkar şəbəkələr, imperiyalar azad fikrə qarşı müharibəyə başladılar. Heç biri qalib gəlməyi bacarmayıb. İlham Əliyev də bacarmayacaq.
Məlumat əldə etmək azadlığı yaşamaq hüququ qədər təbiidir. Dünyanın ən bərbad həbsxanasına da salsanız biz yolumuzdan əl çəkən deyilik!