“Abzas Media”nın 9 il müddətinə azadlıqdan məhrum edilən direktoru Ülvi Həsənli saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində istilik sistemlərinin normal işləməməsindən şikayət edib.
Bu barədə onun həyat yoldaşı Rübabə Quliyeva sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, müəssisənin istilik sistemlərində noyabr ayından bəri problemlər yaşanır.
Quliyevanın sözlərinə görə, radiatorların normal işləməməsi səbəbindən məhbusların saxlanıldığı kameralar lazımi qədər isinmir. O qeyd edib ki, Ülvi Həsənli bu səbəbdən noyabr ayından indiyədək iki dəfə xəstələnib.
Rübabə Quliyeva yazıb ki, məsələ ilə bağlı Ülvi Həsənli 10 saylı CÇM-in rəhbərliyinə, özü isə Penitensiar Xidmətə müraciət etsə də, problem həll olunmayıb.
“Penitensiar Xidmətin büdcəsi 2025-ci ildə 200 milyon manat olub. Bura dövlət müəssisəsidir, ya özəl? Əgər 2 ədəd radiator almaq bu qədər qəlizdirsə, mən alaram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, işçilərinizə tapşırarsınız, içəri buraxsınlar!”, – deyə o paylaşımında bildirib.
Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Onunla birlikdə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də həbs edilib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətləri də daxil olmaqla bir sıra maddələrlə ittiham ediliblər. Onlar ittihamları rədd ediblər. Yerli və beynəlxalq hüquq müdafiəçiləri də cinayət təqibinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildiriblər.
Ülvi Həsənli saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində istilik sistemindən şikayət edib