Ermənistanda benzin və dizel idxalından sonra bu məhsulların qiyməti düşüb

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycandan benzin və dizel idxal etdikdən sonra bu məhsulların qiymətində azalma olduğunu deyir.
O, "Facebook" səhifəsindəki videomüraciətində bildirib ki, 13 yanvar etibarilə "premium" markalı benzinin qiyməti 15% və ya hər litrinə 510 dramdan (2.28 manat) 430 drama (1.93 manat) düşüb.
Adi benzinin qiyməti 8%, dizelin qiyməti isə 2% aşağı düşüb.
"Bütün bunlar sülh gündəliyinin nəticələri və faydalarıdır", - Paşinyan deyib.
Baş nazir əlavə edib ki, neft məhsullarının ticarətinə görə həm Azərbaycanda, həm də Ermənistanda tənqidlər səsləndirilir.
“Ermənistanda deyirlər ki, siz benzin alıb pulu Azərbaycana göndərirsiniz ki, onlar həmin pulla Ermənistana hücum etsinlər. Azərbaycanda isə deyirlər ki, siz benzin və dizel yanacağını Ermənistana göndərirsiniz ki, onlar tanklarını və hərbi texnikalarını yanacaqla təmin edib Azərbaycana hücum etsinlər. Qeyd etmək lazımdır ki, hər iki narahatlıq əsassızdır, çünki Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub, bu sülh tədricən getdikcə daha institusional xarakter alacaq və bu cür narahatlıqlara sadəcə olaraq yer yoxdur", - o vurğulayıb.
Dekabrın 19-da Azərbaycan Ermənistana "A-95" markalı benzin ixrac edib.
Yanvarın 7-də isə Azərbaycan Ermənistana yanacağın ikinci partiyasını - min ton "A-92" markalı benzin, eyni həcmdə dizel yanacağı və 1,800 ton "A-95" markalı benzin tədarük edib.