Tramp Maduronun tutularaq ölkədən çıxarıldığını deyir

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun amerikalı hərbçilər tərəfindən tutularaq ölkəsindən çıxarıldığını deyib. 

O, bunu yanvarın 3-ü səhər saatlarında "Truth Social" platformasında yazıb.

Trampın sözlərinə görə, Maduronun həyat yoldaşı da onunla birlikdə tutulub və ölkədən çıxarılıb. O, əlavə detalların veriləcəyini deyib. 

Tramp Venesuelaya "uğurlu və genişmiqyaslı" zərbələrin də endirildiyini xəbər verib. Venesuelanın paytaxtı Karakasda partlayışlar və qara tüstü müşahidə olunub. 

Tramp daha öncə Madurodan Venesuelanı tərk etməyi tələb etmişdi. O, həmçinin, Venesuelanı "xarici terror təşkilatı" elan etmiş və bu ölkəyə qarşı blokada tətbiq etmişdi. 

Tramp administrasiyası 2013-cü ildən hakimiyyətdə olan Maduronu Venesuelanın legitim prezidenti kimi tanımır.

Maduro ötən il keçirilən səsvermədə yenidən seçildiyini iddia edib, lakin ABŞ və digər Qərb ölkələri həmin seçkini saxta adlandırıb və müstəqil müşahidəçilər seçkilərdə müxalifətin böyük üstünlüklə qalib gəldiyini bildiriblər.

Tramp uzun müddətdir Venesuelanın ABŞ-yə narkotik maddələr ixrac etdiyini iddia edir. ABŞ ordusu bu ölkədən olduğu və narkotik maddə daşıdığı deyilən qayıqlara beynəlxalq sularda zərbələr endirir və bunun nəticəsində onlarla insan həlak olur.

Trampın tənqidçiləri isə qayıqların narkotik maddə daşıdığına dair sübutların olmadığını deyirlər.