Dekabrın 22-sində Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” ilə bağlı həbs olunmuş jurnalistlərin işi üzrə baxış iclası keçirilib.
Jurnalist Şəmşad Ağa vəsatətlə çıxış edərək bildirib ki, 31 cildlik cinayət işi bütövlükdə prosessual pozuntularla aparılıb. O, məhkəmədən Cinayət Prosessual Məcəlləsinin 32.3-cü maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə icraat materiallarının aparıldığı xüsusi formalı nömrələnmiş blankların təqdim olunmasını xahiş edib.
Eyni vəsatətlə jurnalist Aynur Elgünəş də (Qənbərova) çıxış edib. Digər jurnalistlər də vəsatəti dəstəkləyiblər, lakin hakim vəsatətləri təmin etməyib, bildirib ki, bu məsələyə sənədlərin dədiqləşdirilməsi məhkəməsində baxıla bilər.
Şəmşad Ağa isə hakim Aytən Əliyevaya etiraz edib. Jurnalist qeyd edib ki, əgər cinayət təqibi üzrə icraat materialları xüsusi formalı nömrələnmiş blanklarda aparılmayıb. Prosesin bu şəkildə sənədlərin dəqiqləşdirilməsi mərhələsinə qədər aparılması qanunsuzdur, çünki 52.3-cü maddənin tələbi kobud pozulub və hazırki cinayət işinin heç bir hüquqi qüvvəsi yoxdur.
Məhkəmənin gedişində məlum olub ki, cinayət təqibi üzrə icraat materiallarının aparılması üçün qanunda nəzərdə tutulmuş xüsusi formalı nömrələnmiş blanklar ümumiyyətlə əvvəldən mövcud olmayıb.
Hakim və prokurorla mübahisə edən jurnalist deyib ki, bu cinayət işinin əlifbası saxtadır:
“İşin siyasi, saxta və qanunsuz olması başından bəllidir. Mən bu vəsatəti də məqsədli verdim, çünki bilirdim ki, cinayət işi xüsusi formalı nömrələnmiş blanklarda aparılmayıb. Sadəcə, bu faktı təsdiqləmək istəyirdik. Cinayət Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, bütün istintaq hərəkətinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonraki iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (DİN, Vergilər, FHN, Ədliyyə, DTX, DSX, DGX) Azərbaycan Respublikası Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar hesabat sənədləri olmaqla xüsusi formalı nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları ilə yuxarda adını çəkdiyim dövlət qurumları ilə Prokurorluq tərəfindən birgə müəyyən olunur. Bununla əlaqədər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanı var. Həmin Fərmanın 2-ci bəndinin 3-cü hissəsində müvafiq olaraq istintaq hərəkətlərinin hansı blanklarda aparılması konkret olaraq göstərilib. Lakin istintaq bu qanun və qaydalara əməl etməyib”.
“Məhkəmənin və zalda əyləşən hər kəsin diqqətinə çatdırıram ki, CPM-nin 52.3-cü maddəsinin tələblərinin yerinə yetirilməməsi, bilavasitə qanunvericilik (CPM - maddə 10.2) prinsipinin əsaslar və qaydalarından kənarda hesab olunur. CPM-nin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin ve qəbul olunmuş qərarların heç bir hüquqi qüvvəsi yoxdur. Bu da o deməkdir ki, Azərbaycanda 2000-ci ildən aparılan istintaq hərəkətləri və cinayət işləri qanunsuzdur. O üzdən bu məhkəmə prosesinə də gərək qalmır. Özünüz də görürsünüz ki, bu, qondarma, hüquqi əsası olmayan biabırçı bir işdir. Ona görə də işə dərhal xitam verin və jurnalistləri məhkəmə zalından azad edin. Dünyanı özünüzə güldürməyin, bu, dövlət adına, sizin adınıza ayıbdır. Belə bir saxtı ittiham aktı adlı qondarma sənədlə iş davam edə bilməz. Edəcəksə, bunun hüquqi yox, siyasi sənəd olduğu bir daha təsdiqlənəcək”, - deyə jurnalist bildirib.
Şəmşəd Ağanın çıxışını digər həmkarları və zaldakı proses iştirakçıları alqışla qarşılayıblar.
Hakim əsəbiləşirək, zala xəbərdarlıq edib və bildirib ki, bir də hansısa çıxış alqışlansa, hamı zaldan çıxarılacaq.
Meydan TV-nin baş redaktoru Aynur Elgünəş də həmkarının çıxışını dəstəkləyərək cinayət işinin saxta və əsassız olduğunu deyib.
Həbsdəki jurnalistlərin məhkəmə araşdırması: “Meydan TV işi” saxta çıxdı…