İsraildə qarşıdurma – saxlanılanlar var

Haredilərin aksiyası polis müdaxiləsi ilə dağıdıldı

İsrail işğal polisi bazar günü hərbi çağırış qanununa etiraz edən “haredi” icmasının üzvlərindən ibarət bir qrup nümayişçini saxlayıb. Aksiyaçıların çağırış qanununa qarşı çıxaraq əsas yolları bağlaması polis müdaxiləsinə səbəb olub.

İsrailin “Dövlət Yayım Korporasiyası”nın məlumatına görə, yüzlərlə haredi Bnei Brak şəhərində toplaşaraq onları hərbi xidmətə cəlb etməyi nəzərdə tutan qanunun ləğvini tələb edib. Nümayiş zamanı etirazçılar Bnei Brak ilə Təl-Əviv şəhərlərini birləşdirən 4 nömrəli magistral yolu bağlayıblar ki, bu da bölgədə ciddi nəqliyyat iflici yaradıb.

Məlumata görə, təxminən bir həftə əvvəl Qüdsdə Bar İlan küçəsi yaxınlığında baş verən toqquşmalarda 13 haredi yaralanıb. Hadisələr hərbi xidmətdən yayınan bir haredinin saxlanılmasından sonra baş verib və polis ilə etirazçılar arasında şiddətli qarşıdurmalar yaşanıb.

 

Dini partiyalarla hökumət arasında dərinləşən böhran

İşğalçı rejimdə demək olar ki, gündəlik xarakter alan etirazlar dini partiyalarla hökumət arasında hərbi çağırış məsələsi üzrə dərinləşən böhran fonunda baş verir. Bu vəziyyət hakim koalisiyanın sabitliyini ciddi şəkildə təhdid edir.

Xüsusilə İsrailin “təhlükəsizlik naziri” İsrael Katsın ötən ilin dekabrında verdiyi açıqlama gərginliyi daha da artırıb. O, haredi yəhudilərin orduda xidmətə cəlb edilməsinin vacibliyini vurğulayaraq, qarşıdakı yeddi il ərzində çağırışa cəlb olunanların 50 faizinin orduya inteqrasiya edilməsini hədəflədiklərini bildirib. Kats eyni zamanda dini həyat tərzi və dəyərlərin qorunacağını iddia edib.

 

Erkən seçki ehtimalı gündəmdə

Bu fonda İsrailin “Yediot Ahronot” qəzeti bir neçə gün əvvəl mənbələrə istinadla baş nazir Benyamin Netanyahunun “haredilərin çağırışı haqqında qanunu” parlamentdən keçirməyin çətinliyi səbəbindən “Knesset”i buraxaraq erkən seçkilərə getməyi düşündüyünü yazıb.

Analitiklər hesab edirlər ki, hərbi çağırış məsələsi İsraildə yalnız təhlükəsizlik deyil, eyni zamanda siyasi və sosial böhranı dərinləşdirən əsas faktorlardan birinə çevrilib.