Ağılları başdan alan sərvətlərin toplanmasından güc strukturlarının doğrudan da xəbərsiz olması mümkündürmü?

Bu dəfə gündəm Bəylər Eyyubovun qardaşı oğlunun saxlanılması, onun təmtəraqlı malikanəsi və hektarlarla ərazini əhatə edən mülkləri ilə qaynadı. Sözün əsl mənasında yayılan görüntülər insanın qanını dondurur. Üstəlik, bu mənzərəni medianın şişirdilmiş başlıqları fonunda izləmək təəccübü daha da artırır.
Bütün bu gedişatda insanı şoka salan əsas sual isə yenidən gündəmə gəlir: görəsən hakimiyyət bu “kiçik”, dırnaq içində desək, hadisədən yalnız indi xəbər tutub? Bəylərin, Eldarların, Əlilərin-Vəlilərin həbsindən sonra üzə çıxan milyonlar, mülklər, bahalı avtomobillər və hesablar doğrudanmı o ana qədər heç kimin diqqətini çəkmədən, gözə görünməz bir incəliklə toplanıb?
Hər kəs kimi siz də yəqin ki, “qəti mümkün deyil” deyəcəksiniz. Axı adi bir vətəndaşın kiçik bir quş damı tikmək istəyəndə belə başının üstündə polisindən icra orqanlarına qədər saysız-hesabsız dövlət qurumları dayanırsa, bu miqyasda sərvətlərin illərlə xəbərsiz qalması absurddan başqa bir şey deyil.
Belə olan halda, vaxtında qarşısı alınmayan bu özbaşınalığın məsuliyyəti kimin üzərindədir ki, bu gün baş verənlər xalqa guya cinayətkarlıqla mübarizə və ifşa kimi təqdim olunur? Cəmiyyətin böyük hissəsi çox yaxşı anlayır ki, bu prosesin əsas və birbaşa məsuliyyəti elə rejimin özünə aiddir.
Hakimiyyətdə yüksək vəzifə tutan məmurların özlərini bu ölkənin rəqibsiz sahibi kimi aparması, onların arxasında daha yüksək vəzifəli şəxslərin dayanaraq qanundan üstün olduqları mesajını verməsi bu gün “şou”ya çevrilmiş ifşaedici həbslərin əsas səbəbidir.
Ölkədə qanunların yalnız zəhmətkeş təbəqənin əleyhinə işləməsi davam etdikcə, nəinki bu gün, gələcəkdə də vəzifədən çıxarılan məmurların qohumlarına məxsus ağlasığmaz sərvətlərin mediada nümayişi qaçılmaz olacaq. Bu dəqiqələrdə ucalan malikanələr, artan bank hesabları və talan edilən xalqın haqqı hələ də güvənli və rahat bir çətir altında “inkişaf edir”. Bütün bunlardan hakimiyyətin və güc strukturlarının xəbərsiz olması barədə düşüncələr isə sadəlövhlükdən başqa bir şey deyil və qətiyyən qəbul edilə bilməz.
 
 
- Təhlil və Tənqid