Azərbaycan quru sərhədlərini niyə açmır?

Azərbaycan hakimiyyəti 2025-ci ildə də ölkənin quru sərhədlərini açmadı.

Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə xüsusi karantin rejiminin müddəti gələn il aprelin 1-dək uzadılıb.

Azərbaycan ilk dəfə 2020-ci ilin martında, dünyada koronavirus (COVID-19) infeksiyasının geniş yayıldığı dövrdə xüsusi karantin rejimi elan edib və qonşu ölkələrlə sərhədlərini bağlayıb. O vaxtdan bəri karantin rejimi hər üç aydan bir uzadılır.

Rəsmi qərarlarda karantin rejiminin məqsədinin koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq olduğu qeyd edilir. Halbuki bu rejim çərçivəsində əvvəllər tətbiq olunan maska taxmaq, evdən yalnız məhdud müddətdə çıxmaq kimi tələblər uzun müddətdir ləğv edilib, quru sərhədləri isə hələ də açılmayıb.

Dünya Səhiyyə Təşkilatı isə hələ 2023-cü ilin mayında COVID-19 infeksiyasının artıq pandemiya xarakteri daşımadığını elan edib.

Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla dövlət rəsmiləri və deputatlar quru sərhədlərin bağlı qalmasının COVID-19-la əlaqəli olmadığını etiraf edirlər.

Əliyev 2024-cü ilin sentyabrında Milli Məclisdə çıxışında bildirib ki, sərhədlərin bağlı olması Azərbaycanı “çox böyük fəlakətlərdən xilas edib”.

“Hətta bu gün sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür”, - o deyib.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc da bu yaxınlarda “Demokrat.az”-a açıqlamasında Rusiya-Ukrayna və İran-İsrail münaqişələrinə istinad edərək sərhədlərin bağlı qalmasını əsaslandırıb. O bildirib ki, sərhədlər açıq olsaydı, bu münaqişələrdən əziyyət çəkən yüz minlərlə insan Azərbaycana axın edə bilərdi.

Buna baxmayaraq, Azərbaycanın quru sərhədləri yük daşımaları və ölkəni tərk etmək istəyən əcnəbilər üçün açıqdır. Həmçinin iyunda İran və İsrail arasında yaşanan gərginlik zamanı İranda olan üçüncü ölkə vətəndaşlarının Azərbaycana quru yolla təxliyəsinə icazə verilib.

“Toplum TV”-yə danışan siyasi şərhçi Alya Yaqublu hesab edir ki, 2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsindən qaçmaq istəyən və Rusiyada yaşayan azərbaycanlılar istəsəydilər, o vaxtdan bəri təyyarə ilə ölkəyə qayıda bilərdilər.

“İran və İsrail arasında münasibətlərin gərginləşdiyi vaxt İranda yaşayan soydaşlarımızın buraya axınının qarşısını almaq üçün sərhədi bağlı saxlamaq da inandırıcı görünmür…”, - o qeyd edib.

A. Yaqublurun fikrincə, quru sərhədlərin bağlı saxlanılması hakimiyyətin daxili maraqlarına xidmət edir. Onun sözlərinə görə, 2023-cü ilin noyabrından müstəqil jurnalistlərə, vətəndaş cəmiyyətinə və müxalifətə qarşı başlanmış təqiblər də bu qənaəti gücləndirib.

“İlham Əliyev Azərbaycanı totalitar rejimə keçirmək yolunda inamla irəliləyir və karantin rejimi bu baxımdan ona sərf edir. Repressiyalar nəinki səngimir, əksinə, davam edir. Qısa fasilələrlə ictimai-siyasi fiqurların həbsi xəbərlərini eşidirik. Əliyev polis rejimini gücləndirməkdə və ölkədə müxalif fəaliyyətə birdəfəlik qadağa qoymaqda israrlıdır. İqtisadi vəziyyətin getdikcə pisləşdiyi ölkədə belə bir hakimiyyətə xalqı qadağalarla yaşatmaq lazımdır”, - deyə o vurğulayıb.

III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Araz Əliyev “Toplum TV”-yə açıqlamasında quru sərhədlərin bağlı qalmasının hökumətə maddi qazanc gətirməsinin də əsl səbəblərdən biri olduğunu deyir.

“Bu, səyahət etmək istəyən hər kəsi AZAL-ın xidmətlərindən istifadəyə yönəldir və hakimiyyətə ciddi qazanclar gətirir. Xüsusilə, büdcənin yükləndiyi və xərclərin optimallaşdırılmağa çalışıldığı dönəmdə bu qazancdan heç kim imtina etməz. Digər tərəfdən, ölkə daxilində vəziyyəti və ölkəyə giriş-çıxışları tam nəzarətdə saxlamaq, mümkün riskləri aradan qaldırmaq üçün bu, hakimiyyətə sərf edir.

Ölkəyə gəlib-getmək istəyən hər kəs hava limanına yönləndirilir və orada üz tanıma texnologiyasından istifadə etməklə insanların bütün məlumatları əldə olunur”, - o qeyd edib.

Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi, iqtisadçı Zöhrab İsmayıl da quru sərhədlərin bağlı saxlanılmasında həm iqtisadi, həm siyasi maraqların olduğunu düşünür.

“Bu, həm hakimiyyətin çətiri altında olan şirkətlərə faydalıdır, həm də ölkədə total nəzarət həyata keçirmək istəyən hakimiyyətə lazımdır. Sərhədlər açıq olanda sərhədyanı ərazidə yaşayan insanlar Gürcüstana, İrana keçib bazarlıq edib qayıda bilirdilər, indi isə bu, mümkün deyil. Bundan başqa, məncə hakimiyyət istəmir ki, insanlar qonşu ölkələrə gedib, oradakı yenilikləri görüb, qayıdıb desinlər ki, “Bizdə niyə ondan yoxdur?”, - o deyib.

Bununla belə, iqtisadçı hesab edir ki, sərhədlərin açılması həm fərdi sahibkarlar, həm də turizmin inkişafı üçün faydalı ola bilər.

Hökumət isə quru sərhədlərin nə vaxt açılacağı ilə bağlı açıqlama vermir. Karantin rejiminin növbəti dəfə uzadılması artıq cəmiyyətdə ciddi reaksiya doğurmur.

A. Yaqublu düşünür ki, ictimai rəyin nəzərə alınmadığı ölkələrdə bu prosesi proqnozlaşdırmaq mümkün deyil.

Z. İsmayıl sərhədlərin həmişəlik bağlı qala biləcəyini istisna etmir. A.Əliyevin fikrincə isə hakimiyyət yalnız sərhədlərin bağlı qalması iqtisadi fayda vermədiyi təqdirdə onları aça bilər.