Azərbaycandan Ermənistana benzin idxal etmiş ikinci şirkətin kimliyi açıqlanıb

Azərbaycandan Ermənistana benzin idxal etmiş ikinci şirkətin “Shisha World” MMC olduğu açıqlanıb. Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi (DGK) “News.am”ın yazılı sorğusuna cavabında məlumat verib.
DGK-nın cavabına görə, hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlarda “Shisha World” MMC-nin 100 faiz payının Samvel Mkrtçyana məxsus olduğu göstərilir. Şirkət 2022-ci ilin dekabrında təsis edilib.
Bundan əvvəl yerli media Azərbaycandan benzin idxal edən şirkətlərdən birinin “Sil” konserninə daxil olan “Meqa Treyd” olduğunu yazırdı. Həmin konsernin Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən deputat Xaçatur Sukiasyanın ailəsinə məxsus olduğu iddia olunurdu.
Məlumata görə, “Meqa Treyd” Azərbaycandan 600 ton benzin idxal edib. Bildirilir ki, Azərbaycandan dəmir yolu ilə ümumilikdə premium sinifli benzindən ibarət 22 vaqon gətirilib.
Xəbərdə qeyd olunur ki, həmin benzin Sukiasyanlara aid olduğu deyilən “Ran oil” yanacaqdoldurma məntəqələrində litri 430 dram (təqribən 1,93 AZN) qiymətinə satılır.