Baş nazirin sabiq müavini Abbas Abbasov axtarışa verilib

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov axtarışa verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyada yaşamağa başlayıb.